Bakı metrosunun dərdi nədir?

Bakı metrosunun dərdi nədir?
  31 Yanvar 2015    Oxunub:5405
Sərnişinlər metrodan, Metropoliten də sərnişinlərdən narazıdır...

Son vaxtlar Bakı metrosunda sərnişin sıxlığı, qatarların tuneldə qalması kimi problemlər yaşanır. Hətta sərnişinlər hesab edirlər ki, metrodakı problemlər əvvəlki illərə nisbətən xeyli artıb.

Bəs, görəsən bu problemlərin əsas səbəbi nədir?

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a açıqlamasında haqlarında səslənən iradlarla razılaşmadığını bildirib.

“Bizdə əvvəlki illərlə bağlı da məlumatlar var və bunu araşdırırıq. Baş verən nasazlıqlar bir neçə illə müqayisədə 3-4 dəfə aşağı düşüb. Biz buna qatarların plandan kənar depoya qayıdışı deyirik. Metrodan gün ərzində 700 mindən çox sərnişin istifadə edir və müəyyən nasazlıq ola bilir. Biz bunları gizlətmirik və hər hansı bir nasazlıqla bağlı ictimaiyyətə məlumat verilir”.

N.Paşayev qeyd edib ki, bütün qatarlar gecə depoya qayıtdıqdan sonra təkrar yoxlanışdan keçir:

“Hər hansı bir qatarda nasazlıq aşkar olunarsa, həmin qatar xəttə buraxılmır. Onun yerinə ehtiyyat qatarı xəttə buraxırıq. Təbii ki, qatarlar xətdə olarkən bəzi nasazlıqlar baş verə bilər. Çünki texnika səhər saat 06:00-dan axşam saat 24:00-dək işləyir. Biz çalışırıq ki, texniki nasazlıqlar baş verməsin, amma bu texnikadı və belə nasazlıqların baş verməsi normal hesab olunmalıdır. Bəzən qatar nasazlıq üzündən tuneldə qalır və oradan depoya aparmaq üçün əlavə qatar gəlir. Bu zaman hərəkətdə olan digər qatarlar gözləməli olur və bu vaxt alır. Çünki bu yerüstü nəqliyyat vasitəsi deyil ki, hansısa küçələrlə tıxacdan çıxasan. Sərnişinlərin təhlükəsizliklə bağlı heç bir narahatçılıq keçirməklərinə əsas yoxdur. Bizim çalışdığımız əsas məsələ sərnişinlərin təhlükəsizliyidir”.

N.Paşayev metronun işində problemlərin yaranmaması üçün var gücləri ilə çalışdıqlarını diqqətə çatdırıb.

“Amma bəzən sərnişinlər özləri bunun baş verməsinə səbəb olurlar. Belə ki, qatarlardan minib-düşərkən gecikirlər, qapıları saxlayırlar və s. bu kimi hallar intervalda müəyyən problemlər yaradır”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti