Bakı kəndindən çıxmış qaçaq - GERÇƏK TARİX

Bakı kəndindən çıxmış qaçaq - GERÇƏK TARİX
  29 Yanvar 2016    Oxunub:34171
Bəhram Çələbi
Xüsusi olaraq AzVision.az üçün

Bakının ən qədim və ərazicə böyük kəndlərindən biri olan Balaxanı həm milyonçuları, həm elm adamları, həm də qoçuları ilə məşhurdur. Bu kəndin neftlə zəngin olması da, onun inkişafında rol oynayırdı. Çox möhtərəm şəxsiyyətlərin vətəni olan bu kəndin adamları həmişə qabağından yeməyən, sözünü yeridən olublar.

Bu dəfə balaxanılı Qoçu Qubadla Qaçaq Adil barəsində danışacağıq.

Qoçu Qubadın boylu-buxunlu, yaraşıqlı bir adam olduğunu söyləyirlər. Deyilənə görə, o, tapançasını başqa qoçular kimi yanında yox, indi bəzi polislərdə olduğu kimi, qoltuğunun altında gəzdirərmiş. Ancaq o qədər cəld hərəkət edirmiş ki, bircə anın içində tapançanı çıxarıb hazır saxlarmış.

Balaxanılıların Kürdəxanı kəndinin yaxınlığında bağ evləri yerləşir. Həmin yeri “Ləhic bağları” adlandırırlar. Bu kəndin ən məşhur adamlarından biri Məşədi Adil idi. Onu əsasən Qaçaq Adil kimi tanıyırdılar. Deyilənlərə görə, əgər o dövrdə at çapmaq üzrə yarış keçirilsə, bu adam dünya çempionu titulunu qazanardı. Günlərin birində Qoçu Qubad Kürdəxanı kəndinə gəlir. Kənddəki ərzaq dükanına girib, nəsə alver etmək istəyir. Qoçu Qubad bir az kefcil adam olub. Belə ki, həm lətifəbaz, həm də içkiyə meylli idi. Dükana girəndə yenə də kefi kök imiş. Keçib dükançıya yaxınlaşır, sıra ilə düzülmüş şərab şüşələrindən birini götürüb:
- Alə, qırışmal, de görüm, bu Kürdəxanıda mənim qabağıma çıxa biləcək bir cayıl tapa bilərəm? – deyə, gözlərini qıyaraq soruşur.

Dükançı Qoçu Qubadın qarşısında nə deyə bilərdi? Çənəsini sinəsinə sıxaraq, susur. Ancaq bu vaxt necə olursa, Qaçaq Adil də dükana girir. Dükançı onun uzaq qohumlarından olub. Qohumunun söyülməsi, üstəlik də bütün kəndin haqqında belə bir aşağılayıcı söhbət ona xoş gəlmir. Adil qəzəblənərək, ucadan:
- Alə, Qubad, bir geri dön görüm, - deyərək arxadan səslənir.

Qoçunun geri dönməsi ilə, Qaçaq Adilin tapançasının açılması bir olur. Adil onun şərab butılkasını tutan əlini nişan almışdı. Ancaq atəş çox sərrast olur. Güllə həm butılkaya, həm də qoçunun sinəsinə dəyir. Qubad müvazinətini itirib yıxılır. Qaçaq Adil:
- Bax, cayıl belə olar, - deyərək ona yaxınlaşır.

Ancaq iş işdən keçmişdi. Qubad aqoniya içərisində ağzını açaraq nə isə demək istəsə də, boğazından çıxan xırıltıdan savayı heç nə eşidilmədi. Qaçaq Adil sözsüz ki, onun içkili vəziyyətdə olduğunu biləndən sonra bu əməlindən peşman olmuşdu. Çünki Qoçu Qubad kimi igidin ölümü hər halda, ağır idi...

Bu xəbər Balaxanı camaatına çatır. Qoçu Qubadın öldürülməsi onları təlatümə gətirmişdi. Kəndin əlisilahlılarından iyirmi-otuz nəfəri atlanıb Kürdəxanıya yollanırlar. Qaçaq Adilin evdə olduğunu dəqiqləşdirdikdən sonra gecəylə evini mühasirəyə alıb, gülləbarana tuturlar. Qaçaq Adil evdə qoca anasıyla qalırdı. Vəziyyəti belə görüb silahını götürür və atışmağa başlayır.

Sözsüz ki, Qaçaq Adil öz həyətinin cikinə-bikinə bələd idi. Odur ki, elə gizləndiyi yerdən balaxanılılardan bir neçəsini yaralayır. Axırda onun təslim olmayacağını görən silahlılar evə od vurmaq fikrində olduqlarını bildirlər. Onlar qaçağın anasının evdə olmasından xəbərdar idilər. Ona görə də ucadan onadan anasının evdən baylra çıxmasını tələb edirlər. Qaçaq Adil çətinliklə anasını onu tək qoyub evdən uzaqlaşmağa razı sala bilir. Balaxanılılar qadının sərbəstcə evdən uzaqlaşmasına şərait yaradır və ananın tam aralandığını gördükdən sonra evə od vururlar. Həyətin dörd tərəfindən tam nəzarət edərək evin artıq yanıb kül olduğunu gördükdən sonra, Qaçaq Adilin də canını tapşırdığını güman edir və çıxıb gedirlər...

Lakin elə səhərisi gün Qaçaq Adilin Məhəmmədəli kəndində göründüyünü eşidirlər. Əvvəlcə bu xəbərin yalan olduğunu düşünsələr də, sonradan onun sağ qalması məlum olur. Bu məsələ həqiqətən də möcüzəyə bərabər bir iş idi. O qədər adamın gözü qarşısında Qaçaq Adil yanan evdən necə çıxmışdı, heç kimə məlum deyildi.



Bu hadisədən sonra uzun müddət kürdəxanılılarla balaxanılılar arasında münaqişə davam edir. Ləhic bağlarına gəlməyə çoxları cəsarət edə bilmirdi. Hər şeyi zaman yerbəyer etdiyi kimi, bu qanlıçılıq da yavaş-yavaş aradan götürülür...

Məşədi Adilin qaçağa çevrilməsinin də maraqlı tarixçəsi var. O, Nikolay hökumətindən qaçmışdı...

... Kürdəxanı kəndində kasıb, böyük külfət sahibi olan bir kişi ödəyəcəyi vergiləri heç cürə verə bilmir. Çox get-gəldən sonra məsələ böyüyür. Axırda iş o yerə çatır ki, pristava şikayətə gedirlər. Milliyyətcə rus olan pristav həmin kəndlini çağırtdırıb, pulları ödəməsini tələb edir. Lakin xeyli vaxt keçsə də bir nəticə hasil olmur. Axırda pristav durub gəlir onun qapısına. Sözsüz ki, yanında əshabələri, əlaltıları da vardı. Kəndli and-aman edir, yalvarır, özünü yeyib-tökərək pulunun olmadığını söyləyir.

İşi belə görən pristav əlaltılarına borclunu döymək göstərişini verir. Başlayırlar bu yazığı öz evindəcə, arvad-uşağın qarşısında şillə-təpiyin altına salmağa. Onun hay-harayı, ah-vayı qonşulara da çatır. Səsə gələnlər arasında Adil də olur. Birbaşa içəri keçib pristavın qənşərində dayanır. Ondan bir az aralıda kəndlini necə gəldi vururdular. Adil onlara tərəf çevrilərək, əl saxlamaqlarını tələb edir. Döyənlər dayanırlar. Adil yazığı niyə bu günə qoyduqlarını soruşur. Onlardan biri məsələni olduğu kimi danışır. İşdən hali olan Məşədi Adil:
- A kişi, yazığı niyə bu günə salırsınız? Yoxudur də, olsaydı verərdi. Əl çəkin ondan. Haçan pulu olar, onda mütləq ödəyər, - deyə sakitcə dillənir.

Pristav onun işinə qarşımaq istəyən adamın kimliyi ilə maraqlanmadan:
- Sən kimsən? Elə bilirdim onun borcunu ödəmək fikrindəsən. Rədd eləyin bunu burdan! – deyə əlaltılarına göstəriş verir.

Bu sözü eşidən Adil çevrilib pristavın qulağının dibindən bir qapaz ilişdirir. Qəfil zərbədən pristav yıxılır. Nikolayın dövründə belə hərəkətə görə adamın başına müsibətlər açardılar. Odur ki, pristav da, adamları da mat qalırlar. Silaha əl atmaq istəyəndə, Adil tapançanı çəkib:
- Cəhənnəm olun burdan, bir də ayağınız bu kəndə dəyməsin! Çevrilib arxaya baxanın beynini dağıdacam! - qışqırır. Və həmin gündən Adil qaçaq düşür.

Kürdəxanı camaatı o dövrlər əsasən heyvandarlıqla məşğul olardılar. Kəndin böyük qoyun sürüləri vardı. Lakin Abşeron torpağı bu sahə üçün çox da əlverişli deyildi. Qumsal, ot bitməyən ərazidə qoyunları saxlamaq mümkün olmurdu. Elə buna görə də kənd camaatı qoyun sürülərini sürərdilər Qobustan istiqamətinə. Bu yerlərin yaşıllığına görə Bakının bütün ərazilərindən qoyunları bura gətirərdilər, yataqlar düşərdi.

Günlərin birində Kürdəxanılı Adilə xəbər gətirirlər ki, kənd camaatının bütün qoyunlarını əlindən alıb, müsadirə eləyiblər. Bu söhbəti eşidən kimi ata minib birbaşa o tərəfə yolllanmaq istəyir. Ətrafdakılar onu saxlamağa çalışıb, tək getməsini təklif edirlər. Lakin Adil onları eşitmir, atını tərpədib yola düşür. Qovhaqov gəlib yataqlara yetişir. Ha axtarsa da, Kürdəxanı camaatının qoyunlarını tapa bilmir.

Sözsüz ki, Qala cinsindən olan heyvanlarını elə kənardan baxan kimi müəyyən etmək çətin deyildi. Xeyli soraqlaşandan sonra məlum olur ki, çobanları döyüb qovduqdan sonra, heyvanları da bu ərazilərə nəzarət edən bir nəfər, hərəyə bir neçəsini verməklə bölüşdürüb. Qaçaq Adil hər kimə yaxınlaşıb qan-qadasız heyvanların geri qaytarılmasını tələb etsə də, heç kəs bunu edə bilməyəcəyini deyir. Hamı bu yerlərin bircə ağası olduğunu söyləyir. Deməli, həmin adamı tapıb, haqq-hesab çürütmək lazım gəlirdi.

Qaçaq Adil öyrənir ki, əslən Nəvaidən olan həmin adam burada yoxdur, öz evində oturub, sadəcə olaraq tapşırıq verir, işlərə rəhbərlik edir. Qaçaq onun yaşadığı yerin ünvanını öyrənib, birbaş atını qapısına sürür. Gəlib evə çatanda görür ki, bu adam hər kimsə çox imkanlı şəxslərdən biridir. Belə ki, ikimərtəbəli zəngin evin sahibinin elə ilk baxışdan vəziyyətini müəyyən etmək çətin deyildi. Atın başını yığıb qapını döyməyə başlayır. Lakin hay verən olmur. Ev yiyəsini haraylayır, yenə səs-soraq çıxmır.

Evdə adamlar olduğu halda cavab vermədiklərini görən Qaçaq Adil ev sahibinin onun kimliyindən xəbərdar olmasını anlayır və hasardan aşaraq eyvana dırmaşır, pəncərədən içəri keçir. Qarşısına çıxan qulluqçudan ev yiyəsinin yerini soruşur. Çağırılmamış qonağın qəflətən qarşısında peyda olmasından özünü itirən qulluqçu əlinin işarəsi ilə soruşulan yeri göstərir. Qaçaq Adil qapını açıb içəri keçir.

Qat-qat buxaqlı, pendir tuluğuna bənzər göbəkli, qırmızı sifətindən yağ daman kişi oturduğu yerdəcə quruyub qalmışdı. Özünü ələ almağa çalışaraq:
- Vallah, onların sənin kəndçilərin olduğunu bilməmişəm, ay Məşədi, - zarıyır, - Elə indi istəyirdim gedib işləri yoluna qoyam. Qaytarıb heyvanlarını özlərinə verəcəkdim.

Üz-gözündən saxtalıq, harınlıq yağan bu adamın sözlərinin boğazdan yuxarı olduğunu həmin an duymuşdu Qaçaq Adil. Əgər onun həqiqətən belə bir fikri olsaydı, daha niyə qaçıb evində gizlənirdi? Kişi kimi çıxıb onu qarşılayardı, bununla da işi səhmana salardılar. Sadəcə olaraq, o, indi artıq bıçağın sümüyə dirəndiyini görüb, vəziyyətdən çıxmaq üçün özünü tülkülüyə qoyurdu. Odur ki, Qaçaq Adil qəzəblə:
- Qalx ayağa, indi bir yerdə gedəcəyik yataqlara. Orada hər şeyi aydınlaşdırarıq, - deyir.

Kişi ayağa qalxıb qorxa-qorxa ona tərəf irəlilədi. İkiqat əyilmiş bu adamın, bayaq əlaltılarının az qala şişirdib göyə qaldırmaq istədiklərini xatırlayn Adil:
- Yox, bu, sənin üçün böyük şərəf olar. Soyun paltarını, - göstərişi verir və haramzadanın narazı qaldığını hiss edərək tapançanı çıxarır, - Soyun, soyun. Ağlını başına cəm elə. Əgər yaşamaq istəyirsənsə, nə deyirəmsə onu eləginən, - deyir.

Ev sahibini alt tuman-köynəkdə qabağına qatıb həyətə çıxarır, atlara süvar olurlar. Günün günorta çağı Qaçaq Adil bu tərəflərdə sözünün qabağında söz olmayan, hamının tük saldığı bir adamı bu vəziyyətdə ta yataqlara qədər gətirir. Birbaşa atlarını camaatın lap gur yerinə sürürlər. Çobanlar gələnlərdən birinin xozeynləri olduğunu, özü də alt tumanköynəkdə görəndə gözləri kəllələrinə çıxır. Onu bu günə salan adamın kimliyindən isə hələ xəbərsiz idilər. Qaçaq Adil onların mat-mat baxdığını görüb:
- Hə, nədi? Dediyiniz adam bu idi? Baxın, onu da gətirmişəm. Köpək uşağı, sizə bircə gün vaxt verirəm. Sabah bu vaxtacan camaatın bütün heyvanlarını necə paylaşdırmısınızsa, eləcə də yığarsınız bir yerə. Bircə heyvan əskik gəlsə, əlimdən qurtara bilməyəcəksiniz! - qəzəblə dillənir.

Kişi başını aşağı salıb qıpqırmızı olmuşdu. Camaatın içində bu vəziyyətdə dayanması onun üçün ölümdən betər idi. Qaçaq Adil sözünü bitirib onun paltarlarını atın belindən götürərək üstünə atır:
- Götür gey. Mən gedirəm, ancaq sözlərimi yaddan çıxarma. Sabah mənim camaatım gələcək. Elə olmasın ki, bir də buralara ayağım düşsün. Bu gündən kürdəxanılılara burda bir kəlmə də artıq söz deyən olmayacaq. Sən də unutma ki, Kürdəxanılı Məşədi Adil sözünü bircə dəfə deyir. İkinci dəfə artıq sözümü başqa cür söyləyəcəyəm! - deyərək atının başını çevirib dördnala yataqlardan uzaqlaşır...
Kəndə çatıb camaata xəbər verir ki, sabah gedib heyvanlarını götürə bilərlər. Həqiqətən də səhərisi gün camaat gedib Qobustandakı qoyunlarının bir yerə yığılıb onları gözlədiklərini gördülər.


Teqlər:  





Xəbər lenti