Bakı NATO ilə əməkdaşlığa maraqlıdır

Bakı NATO ilə əməkdaşlığa maraqlıdır
  08 Dekabr 2016    Oxunub:1731
Almaniyanın Hamburq şəhərində keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun baş katibinin müavini Roza Qotemüller ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-NATO tərəfdaşlığı və ikitərəfli əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Baş katibinin müavini Azərbaycanın NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasına verdiyi dəstəyinə görə təşəkkürünü bildirib. O, Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi işinə töhfəsini yüksək qiymətləndirib.
E.Məmmədyarov Azərbaycanın Əfqanıstanda hərbi təsisatların quruculuğuna dəstək məqsədilə Əfqanıstan Milli Ordusunun (ƏMO) Etimad Fonduna əhəmiyyətli miqdarda ianə etdiyi və maliyyə dəstəyini davam etdirəcəyinə dair məlumat verib.

Nazir Azərbaycanın NATO ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında Roza Qotemüllerə məlumat verərək, NATO-nun zirvə toplantılarında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədlərinə hörmətin ifadə edilməsinin və münaqişənin bu prinsiplər əsasında həllinin dəstəklənməsinin təqdir edildiyini bildirib.

XİN başçısı həmçinin Azərbaycanın Asiyanın Ürəyi – İstanbul Prosesinin 2017-ci il üzrə həmsədrliyini öz üzərinə götürdüyü və bu işdə bütün maraqlı tərəflər, xüsusən NATO ilə beynəlxalq ictimaiyyətin Əfqanıstana hərtərəfli və ardıcıl dəstəyinin asanlaşdırılması məqsədilə sıx koordinasiya və məsləhətləşmə şəraitində çalışacağını deyib.

Görüşdə Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının icrası məsələləri də müzakirə olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti