Azercell-in dəstəyilə II Uşaq Paralimpiya Oyunları keçiriləcək

Azercell-in dəstəyilə II Uşaq Paralimpiya Oyunları keçiriləcək
  28 Aprel 2016    Oxunub:1560
Bu ilin noyabr ayında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və Azercell Telekom-un birgə təşkilatçılığı ilə II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək. Budəfəki yarışlarda gənclərə əlavə 2 idman növü üzrə də mübarizə aparmaq imkanı yaradılıb. Belə ki, ötən il keçirilən I Uşaq Paralimpiya İdman Oyunlarında yeniyetmələr cüdo, boccia, tennis və üzgüçülük idman növləri üzrə güclərini sınamışdı.

Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Natiq Qasımovun sözlərinə görə, Uşaq Paralimpiya Komitəsi bu ildən etibarən görmə qabiliyyəti zəif olan idmançılar üçün qolbol idman növünü də yarışlara əlavə edib: “Bununla yanaşı, əlil arabasında rəqs idman növü də yarışlar siyahısına əlavə edilib.

Gənc idmançıların bu yeni idman yarışlarına cəlb olunması istiqamətində artıq Uşaq Paralimpiya Komitəsi işlərə başlayıb. 50-ə yaxın idmançını öz ətrafında birləşdirən Komitə bu ilin sonuna qədər maraqlı işləri və yeni layihələri ilə idmançıları sevindirəcək” – deyə Natiq Qasımov qeyd edib.

Məlumat üçün bildirək ki, 2014-cü ildən Azercell şirkətinin dəstəyilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsində ölkəmizin müxtəlif ərazilərindən uşaqlar və gənclər toplaşıb. Komitədə 50-dək uşaq idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb.

Nəzərinizə çatdıraq ki, ötən il Uşaq Paralimpiya İdman Oyunlarına hazırlıq çərçivəsində Paralimpiya üzrə idman ustaları – Birinci Avropa Oyunlarının əfsanələri İlham Zəkiyev, Səbinə Abdullayeva, Zakir Müslümov və digərləri Azercell şirkətində qonaq olaraq şirkət əməkdaşları ilə görüşüblər. Onu da qeyd edək ki, Azercell Telekom-un Uşaq Paralimpiya Komitəsinə dəstəyi Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) tərəfindən də qiymətləndirilərək xüsusi mükafata layiq görülüb.

Azercell Azərbaycanda fəaliyyət göstərdiyi 19 il ərzində daim kimsəsiz, müxtəlif problemləri olan uşaqların hərtərəfli dəstəklənməsi, sağlamlığının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam həyat tərzi keçirməsi naminə çalışıb. Azercell bundan sonra da Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyərək yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəslərini artırmaq üçün köməyini əsrigəməyəcək.



Teqlər:





Xəbər lenti