Azərbaycanlını soyan DİN əməkdaşları tutuldu

Azərbaycanlını soyan DİN əməkdaşları tutuldu
  08 Dekabr 2016    Oxunub:3044
İnquşetiyada Azərbaycan vətəndaşına qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə İdarəsinin rəisi Timur Xamxoyev və onun tabeçiliyində olan bir neçə nəfər saxlanılıb.
AzVision.az “RİA Novosti”-yə istinadən verdiyi xəbər verir ki, bunu Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib. Onun sözlərinə görə, Xamxoyev əvvəllər quldurluq haqqında başlanılmış cinayət işi ilə bağlı saxlanılıb.

Məlumatda deyilir: “Azərbaycan vətəndaşı nazirliyin İnquşetiya üzrə istintaq idarəsinə müraciət edərək bildirib ki, Karabulak şəhərində 2016-cı il noyabrın 9-da özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən naməlum silahlı şəxslər onu zorla “Lada-Priora" avtomobilinə oturdaraq naməlum istiqamətə aparıblar, orada həmin şəxslər zor tətbiq edərək Azərbaycan vətəndaşına məxsus “Audi A6” avtomobilini və mobil telefonunu ələ keçiriblər.

Bundan sonra əcnəbi vətəndaş sərbəst buraxılıb. Ondan avtomobilini geri almaq üçün bir ay ərzində 800 min rubl gətirmək tələb olunub. Hazırda faktla bağlı RF Cinayət Məcəlləsinin “qabaqcadan əlbir olaraq, bir qrup şəxs tərəfindən quldurluq” maddəsi üzrə cinayət işi qaldırılıb, cinayət işi ilə bağlı zərərçəkən, şahidlər, polis əməkdaşları dindirilib, məhkəmə ekspertizası təyin edilib”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti