Azərbaycanlı iş adamı Rusiyada işgəncə ilə öldürülüb

Azərbaycanlı iş adamı Rusiyada işgəncə ilə öldürülüb
  23 İyul 2014    Oxunub:986
Üç ay əvvəl yoxa çıxan biznesmenin meyiti çayda avtomobilinin içində tapılıb
Rusiyanın Volsk şəhərində yaşayan, əslən Gürcüstan Respublikasının Bolnisi rayonunun Kəpənəkçi kəndindən olan iş adamının bu il aprelin 24-də işgəncə ilə öldürülərək avtomobil ilə birgə çaya atıldığı məlum olub.

Məlumata görə, 20 ildir, Volsk şəhərində yaşayan 1958-ci il təvəllüdlü Ədilxan Alı oğlu Sərdarovun cəsədi bu günlərdə avtomobilinin içində Volsk çayında tapılıb. Cəsədi çayda çimən uşaqlar təsadüfən görüblər. Meyitin üzərində işgəncə və zorakılıq əlamətlərinin olduğu bildirilir.

Məlumata görə, Ə. Sərdarov 3 ay əvvəl yoxa çıxıb. Onun barəsində Volsk şəhər Daxili İşlər İdarəsi axtarış elan edib, bu müddət ərzində aparılan axtarışlar nəticəsiz qalıb. Üç ay keçəndən sonra Ə. Sərdarovun haqqında elan olunan axtarışa xitam verilib, cinayət işi bağlanıb.

Ə. Sərdarov meyiti çayda avtomobili ilə birgə tapılandan sonra yenidən cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Ə. Sərdarov Volskda fəaliyyət göstərən imkanlı iş adamlarından olub. Ailəlidir, bir oğlu, bir qızı və bir nəvəsi var.

Ə. Sərdarovun meyiti Kəpənəkçi kəndinə gətirilib, bu gün torpağa tapşırılacaq.(apa)


Teqlər:





Xəbər lenti