Azərbaycanla Malta arasında üç sənəd imzalanıb

Azərbaycanla Malta arasında üç sənəd imzalanıb
  30 Aprel 2016    Oxunub:1304
Aprelin 29-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Maltanın xarici işlər naziri Corc Vella ilə görüşündə üç sənəd - “Azərbaycan Respublikası hökuməti və Malta Respublikası hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”, “Azərbaycan Respublikası hökuməti ilə Malta Respublikası hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Malta Respublikasının Xarici İşlər Nazirliyi arasında ikitərəfli məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” imzalanıb.

Görüşdə Azərbaycan ilə 2017-ci ildə Avropa İttifaqına sədrlik edəcək Malta arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və əlaqələrin inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb. İqtisadiyyat, enerji və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğu vurğulanıb.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov qoşunların təmas xəttində yaranan son gərginlik, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və azərbaycanlı mülki əhalini ağır silahlardan hədəfə alması barədə maltalı həmkarına məlumat verib. Nazir əlavə edib ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalı və hərtərəfli siyasi proses başlanmalıdır.

Görüşdə qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti