Azərbaycanın pulu azala bilər – Yunan böhranı

Azərbaycanın pulu azala bilər – Yunan böhranı
  07 İyul 2015    Oxunub:3635
“Yunanıstan öz kredit öhdəliklərinin yerinə yetirilməsi üçün baza yaratmır. 2008-ci ildə Yunanıstanda ÜDM həcmi 105 milyard dollar azalıb, adambaşına düşən ÜDM həcmi 2008-ci il ilə müqayisədə 32 min dollardan 2014-cü ildə 21 min dollara qədər azalıb”.
Bunu AzVision.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.

Ekspert bildirib ki, iqtisadi göstəricilər Yunanıstana borc öhdəliklərini yerinə yetirməsinə imkan vermir:

“Yunanıstan Azərbaycan üçün strateji ölkələrdən biridir. Belə ki, Yunanıstan Azərbaycanın əsas enerji layihələrinin reallaşmasında tranzit ölkədir. Yunanıstanda böhranın başa çatması, kredit öhdəliklərinin yerinə yetirilməsi Azərbaycanın iqtisadi maraqlarına uyğundur. Hazırda bu ölkədəki böhranın dünya iqtisadiyyatına, eləcə də neft ölkələrinə kənar təsirləri var.

Güman olunur ki, böhran neftə olan tələbatı azaldacaq. Bu məsələ Yunanıstanın Avrozonada qalması, onun gələcək taleyi, eləcə də Avropa Birliyinin bir iqtisadi qurum kimi necə fəaliyyət göstərməsində əhəmiyyətlidir.

Yunanıstanda neftə olan tələbatın azalması müşahidə olunur ki, bunun özü də neft bazarına həm iqtisadi, həm də psixoloji təsir göstərir. Yunanıstan böhranının Azərbaycana ən ciddi təsiri məhz neftin dünya bazarında qiymətinin potensial azalması ehtimalıdır ki, bu da ölkəyə daxilolmaların həcminin azalmasına səbəb ola bilər. Amma ciddi azalma proqnozlaşdırılmır. Çünki Yunanıstan Avropa iqtisadiyyatının 2 faizdən azını təşkil etdiyi üçün avronun məzənnəsinə daha çox psixoloji təsir göstərəcək.

Almaniya və ABŞ-nın səhmlərinin qiymətində artımlar gözlənildiyi üçün bu Dövlət Neft Fondunun gəlirliyinə təsir göstərmir.

Əslində Dövlət Neft Fondunun Avropada, eləcə də ABŞ-da saxlanılan vəsaitlərinin artmasına gətirib çıxara bilər”.

Ekspert qeyd edib ki, hazırda manata təzyiqlər müşahidə edilmir. Onun sözlərinə görə, manata Yunanıstan böhranının təzyiqindən daha çox, neftin dünya bazarındakı qiyməti təsir göstərəcək: “Yunanıstan böhranı nəticəsində neftin dünya bazarındakı qiymətində kəskin azalmalar olarsa, o zaman ölkəyə daxilolmalar və bunun nəticəsində Mərkəzi Bankın intervensiya xərclərinin artması gözlənilir. Bu halda dolların manata təzyiqi arta bilər. Çox təəssüf ki, mətbuatda iqtisadi baxımdan manatın məzənnəsi ilə bağlı əsaslandırılmayan proqnozlar və ya müəyyən məlumatlar yayılır ki, 1 dollar 2 manat səviyyəsində olacaq. Bu da təbii ki, bazara mənfi təsir göstərir. Vətəndaşların dollara tələbatını artırır.

Mətbuat manata speklyuativ süni tələbat formalaşmasına çalışmalı deyil. Neftin dünya bazarında qiyməti azalarsa, o zaman təbii ki, manata dolların təzyiqinin artacağını müşahidə edəcəyik”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti