Azərbaycandan İsveçə etiraz məktubu

Azərbaycandan İsveçə etiraz məktubu
  23 İyul 2014    Oxunub:790
İsveçdəki Azərbaycan diasporu İsveç Xarici İşlər nazirinin Azərbaycan əleyhinə etdiyi çıxışa etiraz bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, İsveçdə fəaliyyət göstərən Azərbaycan Naminə Cəmiyyəti İsveç Xarici İşlər naziri Karl Bildtə ünvanladığı məktubu ölkənin xarici siyasət idarəsinə təqdim edib. Məktubda İsveçdə yaşayan azərbaycanlıların Atlantik Şuranın Vaşinqtonda keçirilmiş iclasında İsveçin Xarici işlər naziri Karl Bildtin Azərbaycan hakimiyyətini avtoritar rejim qurmaqda günahlandırmasından narahatlıq və təəssüf hissi keçirdiyi ifadə olunub: “Demokratik dəyərlərin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi bu və ya digər məsələlərə yüksək həssaslıqla yanaşılan bir ölkəyə qarşı ünvanlanan belə sensasiyalı bəyanatı həqiqətə uyğun hesab etmirik”.

Etiraz məktubunda həmçinin qeyd olunur ki, qloballaşan dünyada hakimiyyət tərəfindən həyata keçirilmiş uğurlu siyasətin nəticəsi olaraq bu gün Azərbaycan nəinki Cənubi Qafqazda, o cümlədən beynəlxalq arenada öz sözünü deməyə qadir bir ölkəyə çevrilib: “Avropa Şurası, Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edən Azərbaycan Avropa ölkələri üçün strateji tərəfdaşa, qarşılıqlı əməkdaşlıq üçün əhəmiyyətli bir dövlət rolu oynayır”.

İsveç Xarici İşlər nazirinə ünvanlanan müraciətdə Azərbaycanda vətəndaşlar, siyasi partiyaların fəaliyyəti üçün yaradılmış mühit, azad internetin, medianın mövcudluğu xüsusi vurğulanır: “Bu gün güclü demokratik təsisatların qurulması, mətbuat azadlığının təmin olunması, demokratik cəmiyyətin formalaşması üçün hər cür şərait yaradılıb. Son on ildə Azərbaycan bölgədə siyasi sabitliyin, təhlükəsizliyin, iqtisadi inkişafın təmin edilməsi baxımdan digər dövlətlərə örnək ola bilər”.

Karl Bildtin Azərbaycana dair kəskin çıxışının buradakı real vəziyyəti əks etdirmədiyini düşünən İsveç azərbaycanlıları hesab edir ki, belə bəyanatlar ölkələr arasında qarşılıqlı əlaqələrin və siyasi münasibətlərin xarakterinə uyğun deyil.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti