Azərbaycanda ticarət festivalları keçiriləcək

Azərbaycanda ticarət festivalları keçiriləcək
  27 Sentyabr 2016    Oxunub:1450
“Ticarət festivallarının keçirilməsi turizmin inkişafında böyük rol oynayır. Bu tədbirlərə xərclənən vəsaitin 20-30%-i geri qayıdır”.
AzVision.az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir qeyd edib ki, Azərbaycanın gələn il ən azı iki dəfə 10-15 günlük ticarət festivalı keçirmək imkanı olacaq.

“Turizm Şurasının 2017-ci ildə fəaliyyətə başlaması bu sahənin daha çox inkişaf etməsinə şərait yaradacaq. Şuranın tərkibində bir neçə dövlət qurumu birləşəcək. Eyni zamanda Azərbaycanda təsdiq edilən turizm zonaları - Quba, Qusar və Xızıda ərazilər turizm sektoru üçün fəaliyyət göstərəcək. Bu zonalarla bağlı xüsusi layihələr hazırlanıb. Ərazilər prespektiv plan əsasında fəaliyyət göstərəcək. Eyni zamanda Dubayda, Rusiyada, Almaniyada olan nümayəndəliklərimizi digər ölkələrdə də açmağı planlaşdırırıq. AZAL-la daimi əməkdaşlıq çərçivəsində yeni reyslər və aviaşirkətlər açılmasını təşkil edəcəyik”.

Nazir bildirib ki, sərhəd məntəqələrində buraxılış sisteminin təkmilləşdirilməsi üçün tədbirlər görülür: “Artıq 3 ulduzlu hotellərin tikilməsinə böyük ehtiyac var. Bu istiqamətdə digər qurumlarla birgə layihələr həyata keçirilir. Termal turizm də öz axarına düşüb. Qış mövsümündə də daimi turizmin təmin edilməsi üçün layihələr həyata keçirilir. Gömrük Komitəsi ilə müzakirələr aparılır. Ölkəyə gələn turistlərin rahatlığını təmin etmək üçün birgə işlər görüləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti