Azərbaycanda sürüşmə təhlükəsi yaranıb

Azərbaycanda sürüşmə təhlükəsi yaranıb
  29 Sentyabr 2016    Oxunub:1433
Azərbaycanda son bir neçə gündə yağan yağış sürüşmə sahələrinin aktivləşməsinə səbəb olub.
Bu barədə AzVision.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

“Son bir neçə gündə daxil olmuş rütubətli hava kütlələri Respublikanın demək olar ki, bütün ərazilərində intensiv yağıntıların yağmasına səbəb olub. Bu, bir çox hallarda leysan halına keçib. Nəticədə əksər dağ çaylarında gursululuq müşahidə olunur. Yağıntı həmçinin ölkə ərazisində sürüşmə sahələrində nisbi fəallaşmaya səbəb olur”.

E.Əlizadə vurğulayıb ki, hal-hazırda Şamaxı, İsmayıllı, Ağsu rayonları ərazisindəki sürüşmə sahələrində, həmçinin Xızı, Siyəzən, Şabran rayonu ərazisində, qismən Quba, Qusar rayonunda sürüşmə sahələrində, Lənkəran, Lerik yolunun ətrafındakı sürüşmə sahələrində fəallıq müşahidə olunmaqdadır: “Belə fəllaşma həmçinin Kiçik Qafqazda, Daşkəsən, Gədəbəy rayonlarında müşahidə olunur. Yağıntılar belə davam edərsə, yaxın günlər ərzində sürüşmə sahələrində fəallığın xeyli artmasını gözləmək olar. Son 2 gündə yağan yağıntılar Bakı şəhərində vəziyyəti xeyli çətinləşdirib. Əksər sürüşmə sahələrində suxurların rütubətlə doyması halı baş verib. Xüsusilə təhlükəli zona Zığ massivi, qismən Masazır sürüşmə sahəsindədir. Nisbi fəallıq Bayıl-Batamdar yamacında nəzər çarpmaqdadır. Orada nisbi sabitlikdir. Lakin nəzərə alsaq ki, suxurların rütubətlə doyması baş verib və əsasən antropogen mənşəli olan bu sürüşmə sahələrində fəallığın xeyli artması gözlənilə bilər”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti