Azərbaycanda seçici siyahısı dəqiqləşdi

Azərbaycanda seçici siyahısı dəqiqləşdi
  26 May 2016    Oxunub:2685
Mərkəzi Seçki Komissiyası (MSK) cari il üçün daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesinə yekun vurub.
AzVision.az xəbər verir ki, bu gün MSK üzvləri və KİVnümayəndələrinin iştirakı ilə Komissiyanın inzibati binasında siyahıların tərtib edilməsi, çap olunması, təkmilləşdirilmiş proqram təminatları və seçici siyahılarının çevik ictimailəşdirilməsi üçün mövcud imkanlar, eləcə də siyahıların saxlanması şəraiti ilə tanışlıq olub və tədbirə qatılanlar üçün xüsusi təqdimatla prosesin bütün mərhələlərinin geniş izahı verilib.

Bildirilib ki, vətəndaşların konstitusion hüquqlarından olan seçmək və seçilmək hüquqlarının təmin olunması, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün seçici siyahıları əsas əhəmiyyət kəsb edən sənədlərdən biridir. MSK-nın bilavasitə rəhbərliyi ilə 2016-cı ilin əvvəllərindən may ayının sonunadək həyata keçirilən dəqiqləşdirmə prosesi nəticəsində siyahıların yüksək keyfiyyətdə və dəqiqliklə hazırlanmasına nail olunub. Otuz mindən artıq aşağı seçki komissiyası üzvünün cəlb olunduğu bu əhatəli və irimiqyaslı proses Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin aidiyyəti orqanları, yerli icra hakimiyyətləri və bələdiyyə qurumları ilə sıx və intensiv əməkdaşlıq şəraitində reallaşdırılıb.

Siyahıların dəqiqləşdirilməsində Azərbaycan seçicilərinin maraqlı olması və aktiv iştirakı, həmçinin MSK-nın 115 nömrəli qaynar xətti və internet səhifəsindəki on-line xidmət aparılan işin səmərəliliyini daha da artırıb. Xüsusilə dəqiqləşdirmənin effektiv həyata keçirilməsi, siyahıların müasir beynəlxalq standartlara uyğun tərtib və çap olunması üçün bütün proses boyunca informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən geniş istifadə olunub və bu məqsədlə zəruri proqram təminatları, həmçinin digər texniki imkanlar təkmilləşdirilib.

Seçki Məcəlləsinə müvafiq olaraq, seçici siyahıları hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirildikdən sonra dairə seçki komissiyalarına verilib, onlar isə aidiyyatı qurumlardan daxil olmuş məlumatlarla siyahıları yenidən təhlil etdikdən sonra MSK-ya təqdim ediblər. MSK bütün bu proseslərə nəzarət edən orqan kimi öz növbəsində, fasiləsiz on-line rejimdə işləyən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə seçicilərin daxil olduğu məlumat bazasını toplayıb, orada olan mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proqram təminatı ilə bir daha dəqiqləşdirib.

Diqqətə çatdırılıb ki, MSK-nı fiber-optik xətlər üzərindən 125 seçki dairəsinin dairə seçki komissiyası ilə əlaqələndirən lokal şəbəkənin yaratdığı çevik, interaktiv və təhlükəsiz informasiya mübadiləsi, habelə müasir texnologiyanın verdiyi imkanlar seçici siyahılarının dəqiqləşdirilməsi prosesinin səmərəliliyini artırıb, seçicilərlə bağlı məlumatların keyfiyyətli təhlilini təmin edib və nəticədə siyahılar seçicilərin səsvermə hüquqlarının təmin edilməsi üçün real məlumatların əks olunduğu dəqiq bazaya çevrilib. Həmçinin bildirilib ki, seçici siyahılarının daha da təkmilləşdirilməsi istiqamətində fəaliyyət fasiləsiz davam etdiriləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti