Azərbaycanda referenduma hazırlıq başladı

Azərbaycanda referenduma hazırlıq başladı
  25 İyul 2016    Oxunub:6962
“Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı təklif olunan referendum bu il ərzində keçiriləcək”.

Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

“Referendumun tarixini təyin etmək prezidentin səlahiyətinə aid olan məsələdir. Bununla belə deyə bilərəm ki, referendum bu il keçiriləcək”.

S.Novruzov qeyd edib ki, Referendum Aktına Konstitusiya Məhkəməsinin rəy verməsindən sonra referendumun keçirilməsi ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Qeyd edək ki, iyulun 18-də prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib.
Konstitusiya Məhkəməsinin bu gün keçirilən iclasında Referendum aktına rəy verilib.

Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti