Azərbaycanda cüdoçular etiraza qalxdı

Azərbaycanda cüdoçular etiraza qalxdı
  28 Fevral 2015    Oxunub:2434
Bu gün Azərbaycanın bir qrup cüdoçusu milli komandaların təlim-məşq bazası ("Neftçi"nin keçmiş bazası) qarşısında etiraz aksiyası keçirib.
Aksiyaçılardan Nicat Şıxəlizadənin "Report"a verdiyi məlumata görə, onları bu addıma üzləşdikləri problemlər vadar edib.

N.Şıxəlizadə bildirib ki, artıq ilyarımdır əmək haqlarının verilməsində gecikmə halları müşahidə olunur. Maliyyə problemləri üzündən təlim-məşq toplanışları lazımi səviyyədə təşkil olunmur, kifayət qədər yarışda iştirak edə bilmirlər. Təcrübəli cüdoçu Azərbaycan Cüdo Federasiyası (ACF) rəhbərliyindən heç kimin onlarla görüşə gəlmədiyini də əlavə edib.

ACF-nin vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli isə bildirib ki, cüdoçuların aksiyasından bu gün xəbər tutub: "Mən bu barədə məlumat alan kimi aksiyaçılardan bəziləri ilə əlaqə saxladım. Onlara təklif etdim ki, belə məsələləri daxildə həll etsək, daha yaxşı olar. Amma məsləhəti dinləmədən belə qərar veriblərsə, nə deyim?".

E.Məmmədli cüdoçuların maaş, təlim-məşq toplanışları və yarışları ilə bağlı problemlərin olması fikri ilə razılaşmayıb: "Maaşlar bir gün tez-bir gün gec də olsa, verilir. Toplanışlar İsmayıllı, Şağan, eləcə də Cənubi Koreya və Yaponiyada təşkil olunub. Yarışlarda da müntəzəm iştirak ediblər. Elə bu yaxınlarda Almaniyanın Düsseldorf şəhərində keçirilmiş Qran-Pridə mübarizə aparıblar. Əgər bunları təlim-məşq toplanışı və yarış saymırlarsa, bəs nədir? Mən 2006-cı ildə Avropa çempionu, 2007-ci ildə dünya vitse-çempionu olduğum vaxt elə də yüksək şəraitimiz yox idi. Amma indi şəhərin mərkəzində gözəl bazamız var".

Qeyd edək ki, aksiyada dünya çempionu Elxan Məmmədov və Avropa çempionatının bürünc mükafatçısı Elmar Qasımov da iştirak edib.


Teqlər:  





Xəbər lenti