Azərbaycanda bəzi nazirliklər ləğv oluna bilər

Azərbaycanda bəzi nazirliklər ləğv oluna bilər
  03 Sentyabr 2015    Oxunub:20994
Son günlər mətbuatda bəzi nazirlik və komitələrin ləğv olunacağı ilə bağlı xəbərlər yayılır. İddia edilir ki, parlament seçkilərindən sonra bəzi dövlət qurumları ləğv olunacaq və yaxud birləşdiriləcək.

Məsələ ilə bağlı AzVision.az-a açıqlama verən millət vəkili Zahid Oruc hesab edir ki, hər hansı nazirliyi birləşdirmək, onların qarşıdakı dönəmdə büdcə gəlirlərinin azalmasına rəğmən süni ixtisarlar aparılması demək deyil.

Millət vəkilinin sözlərinə görə, sözügedən məsələnin əslində vətəndaş üçün daha optimal məmur sayına dayanan bir hökumətlə işləməsi fikrini kənara qoyub, bunu ayrı-ayrı məmurları qorxutmaq, onu təhlükə amilinə çevirmək kimi əks cinahdan istifadə cəhdləri hiss olunur.

“Bu, çox yalnış idi. Əslində bizim irəliyə sürdüyümüz ideyalar ölkə başçısının buna qədərki dövrdə açıqlamalarına söykənirdi. Cənab prezident sonuncu müşavirəsində belə islahatlar amilini qabartdı. Dövlət strukturlarının daha peşəkar çalışması, onların funksional təyinatının dəqiq sərhədlərlə ölçülməsi məsələlərindən bəhs etdi. Həm də bundan öncə bir iki struktur arasında belə paralelliyin aradan qaldırılmasının vətəndaş üzərində qurulmuş o bürokratik sisteminin məhvi kimi də dəyərləndirmək olardı. Bu kompleks məsələlərə rəğmən biz söylədik ki, gələcək dövrdə heç şübhəsiz ki, Azərbaycanda hökumətin fəaliyyətinin daha da konkretləşdirilməsi yönündə addımlar atılacaq. Dünyada əhalinin 100 min nəfərinə düşən məmur sayı ilə bağlı kvotalar var. Bu həmin ölkələrin siyasi hakimiyyət formasından, idarəetmə quruluşundan asılı olmayaraq belədir”.



Z.Oruc bildirib ki, birmənalı şəkildə deməyimiz gərəkdir ki, məmurların sayını kütləvi artırmaqla əhalini xoşbəxt etmək mümkün deyil: “Əksinə bəzən bu cür təkrarçılıq əlavə olaraq rüşvət tələləri yaradır. İnsanları kifayət qədər incidir və bundan da dövlət və vətəndaş münasibətlərinin zədələnməsi ilə çıxırıq. Halbuki, elə son günlərin misalına dayanaraq demək olar ki, cənab prezidentin “ASAN Xidmət” fəaliyyətinin çətiri altına daha yeni-yeni səlahiyyətin verməsinin qlobal mənası nədir? Biz ya hansısa məmurları cəzalandırmalıyıq, bunun yolu onları həbsə göndərməkdir. Bu o qədər də effektiv deyil. Çünki dərhal onların ətrafında müdafiə istehkamları qurulur və başlayırlar dövləti həmin cinahdan vurmağa. İkinci yolu vəzifədən azad etməkdir. Bu da bəzən istənilən nəticəni vermir. Üçüncüsü isə elə bir idarəetmə islahatı ortaya qoymaqdır ki, bu vətəndaşların marağına uyğun olsun. Bir çoxlarına elə gəlir ki, “ASAN Xidmət”də çalışanlar Avropa məkanında seçilib bura gətirilirlər. Bilmək lazımdır ki, o şəxslər buna qədərki dövrdə elə müxtəlif dövlət idarələrində işləyən adamlardır. Sadəcə kabinetdə yerlərini dəyişirlər. Gəlib daha fərqli meyar və şərtlərlə işləyirlər. Deməli, onların üzərində hər hansı bir saxta tələblər qoymayanda, normal yanaşma sərgiliyəndə, onlara münasibət düzgün olanda, həmin insanların təşəbbüskarlığına yer verəndə, bu artıq cəmiyyət həyatında hiss olunur, vətəndaş qapı çölündə gözləmir, incidilmir, hansısa qeyri-qanuni tələblərlə üz-üzə qalmır. Vətəndaş zamanını daha yaradıcı və səmərəli istifadə edə bilir. Ona görə də dövlət qurumları arasında bu cür unifikasiyanın aparılması və gələcək dövrdə daha peşəkar idarəetmə sisteminin formalaşdırılması dövlətimiz qarşısında duran ümumi məsələdir. Birmənalı şəkildə bunu “neft gəlirləri azalır və məmurlar çıxıb getməlidir” fikirlərinə endirilməsini bəsit sayardım. Ən başlıca məsələ, hətta neft gəlirləri yuxarı olsa da, bizim bunu etməyimizdir. Amma nəticədə boş qalan və işini dəyişən insanların da təyinatı üzrə başqa bir formada problemlərini yoluna qoymaqdır. Başlıcası iqtisadiyyata geniş meydan verməkdir ki, sahibkarlıq mühiti geniş inkişaf etsin və dövlət strukturlarında özünə yer tapmayan insanlar daha geniş, azad məkanda birləşsinlər, çalışsınlar və millətimizə fayda versinlər”.

Millət vəkili qeyd edib ki, iqtisadi, maliyyə sferasında olan qurumların birləşdirilməsi labüddür: “O cümlədən kənd təsərrüfatı kimi mühim bir nazirlik fəaliyyət göstərir. O quruma da rəhbərlik edən kifayət qədər səriştəli bir insandır. Amma gördüyünüz kimi orada da irriqasiya və su təsərrüfatı sistemi başqa bir qurumdadır. O cümlədən düşünürəm ki, Səhiyyə Nazirliyi çevrəsində çoxlu xəstəxanaların qalması da dövlət üçün əlavə yük mənbəyidir. Halbuki bütün bunların hamısının özəlləşməyə açılması imkanları genişləndirərdi. Onsuz da dövlət qoyduğu bütün sərmayəyə baxmayaraq, vətəndaşlar həmin müəssisələrə gələndə müxtəlif ödənişlər həyata keçirirlər. Belə olan təqdirdə zənn edirəm ki, ən başlıca məsələ beynəlxalq praktikaya baxmaqdır. Bir sıra məsələlərdə fərqli qərarlar vermək və onların səlahiyyətinə yenidən baxmaqdır. Dövlət bu məsələlərdə dəqiq yükünü müəyyənləşdirməlidir. Əsas vəsaitlərin sadəcə büdcə qurumları kimi ora yönəlməsi həmin adamların gələcəklərini tam qaranti altına almır”.

Z.Oruc gələcəkdə bu dəyişikliyin edilməsinin vacib olduğunu vurğulayıb: “Ölkədə həmin strukturların daha da bitkinləşməsinin müəllifi ölkə rəhbəridir. Bu dövr ərzində çoxlu proqramlar qəbul olunub. O strukturların özlərinin tərkibində çoxlu dəyişikliklər olub. Vaxtilə neft və yanacaq sektorunda olan sənaye sahəsi indi artıq İqtisadiyyat və Sənaye Nazirliyində birləşdirilib.

Bu lazımdır ki, Azərbaycanda istehsalat genişlənsin. Əhali özünə iş yeri tapsın. Çünki işsizliyi inkar edə bilmərik və cəmiyyətdə bu var. Bu, danılmaz bir faktdır. İnsanlar dövlətdən humanitar yardım istəmirlər. Gerçək olaraq öz fiziki güclərini və əqli enerjilərini sərf etməyə yer axtarırlar. Bu da hər bir dövlətin sərvətidir. İnsanlar öz fiziki güclərini başqa ölkələrin quruculuğuna yönəltməli deyillər.

Hesab edirəm ki, biz parlament orqanı olaraq bu dövr ərzində qəbul olunmuş qanunları əsas götürməklə, onları inkişaf etdirməklə gələcəkdə dövlət strukturlarının daha optimal bir tərkibini müəyyənləşdirməliyik”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti