Azərbaycanda 141 kq heroinlə saxlanılan şəxs terrorçu çıxdı

Azərbaycanda 141 kq heroinlə saxlanılan şəxs terrorçu çıxdı
  23 Avqust 2016    Oxunub:2683
Azərbaycanda 141 kq heroinlə saxlanılan Tacikistan vətəndaşı ölkəsində qadağan olunmuş terrorçu-ekstremist İslam Dirçəliş Partiyasının üzvüdür.
AzVision.az verdiyi məlumata görə, bunu RİA Novosti agentliyinə Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda vurğulanır ki , Azərbaycanda saxlanılan Mahmudjon İsmoilov 3 ay öncə İrana köçüb və orada beynəlxalq avtomobil şirkətlərindən birinə işə düzəlib. İranda aldığı narkotik vasitəni Azərbaycana aparmaq və 3 milyon dollara satmaq istəyib.

Xatırladaq ki, avqustun 14-də Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısını alıblar. Gömrükçülər tərəfindən İrandan gələn Tacikistan vətəndaşı, 1985-ci il təvəllüdlü M. İsmoilovun idarə etdiyi “DAF” markalı, GP 6925 dövlət nömrə nişanlı ağır tonajlı yük maşını saxlanılıb. Rentgen aparatı vasitəsilə maşına baxış keçirilib və əvvəlcədən hazırlanmış xüsusi gizli saxlanc yerlərində narkotik vasitəyə bənzər maddələrin təsviri müşahidə edilib. Bundan sonra gömrükçülərlə sərhəd nəzarət məntəqəsinin əməkdaşları birlikdə avtomaşında yoxlama aparıb və nəqliyyat vasitəsindən ümumilikdə 141,156 kiloqram narkotik vasitə olan heroin aşkar olunub. Nəqliyyat vasitəsini idarə edən sürücü ilkin ifadəsi zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana getmək istədiyini bildirib. Sürücü saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti