Azərbaycanda xüsusi təyinatlılar necə seçilir? - Müsahibə

Azərbaycanda xüsusi təyinatlılar necə seçilir? - Müsahibə
  13 May 2016    Oxunub:161701
AzVision.az maraqlı peşə sahibləri ilə silsilə müsahibələri davam etdirir. Növbəti həmsöhbətimiz Namin Bunyatovdur. Əvvəllər ordumuzun Xüsusi Təyinatlı Qüvvələrində baş leytenant kimi xidmət edən Namin hazırda neft platformalarında ip işləri üzrə mütəxəssis kimi fəaliyyətini davam etdirir.

- 1983-cü ildə Şəmkirdə andan olmuşam. Orta məktəbi bitirdikdən sonra 1998-ci ildə uşaqlıqdan böyük həvəs göstərdiyim Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oldum. Orada 3 il oxuduqdan sonra Azərbaycan Ali Hərbi Məktəbində təhsilimi davam etdirdim. Orda 4 il kəşfiyyat ixstiası üzrə təhsil almışam.



Kəşfiyyatçıları bildiyiniz kimi orduya qəbul etməzdən əvvəl seçirlər, kimliyini təyin edirlər. Haradasa 100-200 nəfərin içindən bir neçə nəfər kəşfiyyata seçilir.

Azərbaycan Ali Hərbi Məktəbi bitirdikdən sonra ixtisasım üzrə təlim-tədris mərkəzində ixtisaslaşma kursu keçməyə başladım. Artıq leytenant hərbi rütbəsini aldıqdan sonra xidmətə hazır idim.

-Kəşfiyyatçı olmaqda məqsədiniz nə idi? Niyə məhz kəşfiyyatçı?

- Bu sahəyə böyük marağım var idi. Hər adam kəşfiyyatçı ola bilməz. Xüsusi Təyinatlı Qüvvələr elə bir yerdir ki, orada bilik, bacarıq, istedad, fərasət tələb olunur. Xüsusi seçimlərdən keçdikdən sonra ora qəbul olmaq mümkündür.

İlk növbədə insanın tərcümeyi- halına baxılır. Yəni, kimdir, haradandır, ailəsi necədir? Bundan sonra fiziki hazırlıq, idman göstəriciləri yoxlanılır. Xüsusi Təyinatlı Qüvvələrə yalnız könüllüləri götürürlər, sonradan onları sorğudan keçirirlər.

Ora kimini boyuna görə, kimini isə başqa bir xüsusiyətinə görə seçirlər. Hamı hündürboy olmalıdır, deyə qayda yoxdur. Təcrübələr göstərir ki, boy həmişə önəmli rol oynamır. Əsas tələblərdən biri də xarici dil biliyidir.



- Siz özünüz neçə dil bilirsiniz ?

-Azərbaycan və türk dili ilə yanaşı, ingilis və rus dilində sərbəst danışıram. İngiltərədə ingilis dili ilə bağlı təkmilləşdirmə kursu keçmişəm. Fars dilindən də anlayışım var, müəyyən qədər danışa bilirəm. Alman və ispan dillərini də müəyyən qədər öyrənmişəm. Hazırda bu istiqamətdə üzərimdə çalışıram.

-Xüsusi təyinatlılara seçilmək üçün əsas şərtlərdən biri də idmandır. Siz hansı idman növü ilə məşğul olmusunuz?

- Üzgüçülük, güləş, qaydasız döyüş növləri ilə məşğul olmuşam. Amma profesional şəkildə hansısa bir idmanın dalınca getməmişəm.

Qeyd edim ki, Xüsusi Təyinatlı Qüvvələrin xüsusi kursu var. 6 aylıq kursu keçə bilərsənsə, səni qəbul edirlər. Kurs ərzində bizə havada, quruda, suda, səhrada, meşədə döyüş hazırlığı və digər təlimlər keçirilir. Bundan əlavə dənizdə, quruda desantlaşma, vertolyotda desantlaşma, paraşut atlayışları sınaqdan keçirilir. İstənilən hava şəraitində, istənilən ərazidə döyüş qabiliyətini yüksək saxlamaq əsas şərtlərdəndir.



-Orada neçə müddət xidmət etdiniz?

- Demək olar ki xidmətimin hamısı XTQ-də keçdi . Mən başqa yerdə xidmət etmədim. 5 il orada oldum. Sonra sağlamlığımla əlaqədar, zədə aldığımdan xidməti davam etdirməyi münasib bilmədilər. Təlimlər ağır olduğundan zədə və ölüm halları qaçılmaz olur. Zədə almaq normal haldır.

Hazırda da XTQ düşmən təxribatının qarşısını almaq üçün ordumuzun demək olar ki, əsas güc mənbəyidir, kifayət qədər nüfuza və gücə malikdir.

Bildiyimiz kimi ölkəmiz müharibə şəraitindədir. Atəşkəs rejimi müntəzəm olaraq pozulur. Bu, bizim ziyanımıza olsa da, müsbət cəhətləri də var ki, döyüş təcrübəsi toplayırıq. Hər ölkənin xüsusi təyinatlısı belə bir təcrübə keçmək iqtidarında deyil. Bizim təyinatlıların xüsusi döyüş təcrübəsi var. XTQ dünyada seçilən birliklərdən biridir.




-Daha hansı ölkələrdə təcrübə keçmisiniz?

-İsveçrədə olmuşam. Orada qışdağ kursunu keçmişəm. Xizək sürməkdən tutmuş, şiddətli soyuqlarda həyatda qala bilmək kimi təlimlərə qatılmışam. Bəzi ərazilər ola bilər ki, orada xizəkdə daha sürətli hərəkət etmək olar. Dünya təcrübəsində bu artıq öz sübutunu tapıb. Dağ hazırlığı keçən qoşunlarda xizək kursunu keçirlər.
Ümumi götürsək xüsusi təyinatlılar universal əsgərlər olur. Onların da içində döyüş isitiqamətində xüsusi hazırlanmış birliklər olur ki, onlar həmin istiqamətdə daha aktiv fəaliyyət göstərirlər, daha peşəkar olurlar.



- Neçənci ilə qədər XTQ-da xidmət etmisiniz?

- 2006-cı ildən 2011-ci ilə qədər xidmətimi davam etdirdim.

- Bir qədər öncə zədələrinizə görə XTQ-dan ayrıldığınızı qeyd etdiniz. Hazırda hansı zədələriniz var?

-Bir çox zədələrim var. Ayağımdan və belimdən zədə almışam. Belimdən zədəni atlayışlardan, ağır, fiziki hərəkətlərdən, hündür yerlədən atlayıb maneələr zolağını keçərkən almışam. Əsasən belimə görə xidmətimi davam etdirə bilmədim. Çiynim isə dağ hazırlığı zamanı zədələnib.

XTQ-dən tərxis olunandan sonra nə işlə məşğul oldunuz?

- Mən aktiv həyat sürməyi xoşlayıram. XTQ-da xidmətim axıra qədər alınmadı, ancaq yenə də aktiv həyat sürməyi davam etdirirəm.

İndi alpinizmlə məşğul oluram. Eyni zamanda dənizdə, neft platformalarında hündürlük üzrə ip işləri mütəxəssisi kimi çalışıram.



Məsələn, platformanın müəyyən yerləri var ki, orada zədələr, borularda hansısa paslanmış hissələr ola bilər, oranın təmizlənməsi, yenidən rənglənməsi, müəyyən yerlərdə elektrik naqillərinin dəyişdirilməsi işlərini görürəm. Hansı ki, həmin yerlərdə krandan istifadə etmək mümkün deyil.

Dənizdə 5 aydır işə düzəlmişəm. Buna qədər də işimi şəhərdə davam etdirirdim. Şəhərin hündür binlarında, məsələn, `Alov qüllələri`ndə işləmişəm. Oranın şüşələrinin təmizliyində, ən üst qatında çalışırdıq.

O yerlərə ki, hündür kranlar girmir və yaxud girməsi qadağandır, biz iplə qalxıb, həmin yeri bərpa edirik.



- Alpinist kimi fəaliyyətinizdən danışaq.

-Alpinizmə yeni başlayıram. Dağa çıxmaq heç də asan iş deyil. Asan dağlar olmur, dağlar təhlükə mənbəydir.
Xarici ölkələrə, İrana, Gürcüstana, Rusiyaya səfərlərimiz tez- tez olur. Yaxın gələcəkdə Avropa ölkələrinə getməyi planlaşdırıram. Gürcüstanda 5033 metrlik zirvəni, Elburus zirvəsini (eyni zamanda bu Avropanın ən hündür zirvəsidir), İranın cənubunda 4500 metrlik Hezar zirvəsini fəth etmişik.



Azərbaycanın bütün yüksək dağlarında olmuşam. İranın ən hündür zirvəsi olan Dəmavənd (5671m) dağına da çıxmışam. Dəmavəndin üzərində passiv vulkan var, yaxınlaşmaq çətindir. Orada küləyin surəti saatda 95 km-dir, tempuratur mənfi 20-30 dərəcə dəyişir.

- Yürüşlər zamanı hansı qeydi-adi hadisələrlə də rastlaşmısınız.

-Əlbəttə qeyri-adi hadisələr çox olub, təhlükələrlə rastlaşmışam. İlandan tutmuş, dağ keçisinə qədər maraqlı heyvanlar görmüşəm...

Biz getdiyimiz ərazilərdə bəzən ayılar olur. Bildiyimiz kimi ayı, canavar normalda toplu halında insana hücüm etmir. İz olan yerdən ehtiyatlı keçirik. Ancaq bir az hündürə qalxdıqdan sonra heyvanlarla qarşılaşma təhlükəsi azalır.



Mən təhlükəni xoşlayan insanam. Bir çox insanların qalxa bilmədiyi dağlara çıxmışam.

Dəmavənd dağında bundan da təhlükəli hadisə ilə qarşılaşdım. Dəmavəndə çıxan zaman hava şəraiti pis idi. Buna görə də zirvəyə yalnız iki nəfər azərbaycanlı çıxdıq. Hətta bizə xəbərdarlıq etdilər ki, hava şəraiti pisdir, çıxmaq olmaz. Biz yürüşü təxirə salmadıq. Çətin də olsa zirvəni fəth etdik. Qayıdan zaman sürətim azaldığından anlaşılmazlıq nəticəsində öndə gedən yoldaşdan aralı düşdüm. Üstümdə olan su və yemək tükənmişdi. Yolumu qısaltmaq üçün digər marşurutu seçdim. Ancaq yolumun səhv istiqamətdə olduğunu gördüm. Məcburən əsas marşuruta qayıtdım. Bu, ölümlə nəticələnə bilərdi. Səhərə qədər yol gəldim, Artıq məni ölmüş bilirdilər. Hətta xəbər Azərbaycana da çatmışdı.Vəziyyət o yerə çatmışdır ki, cibimdə götürdüyüm donmuş almanı dişləyirdim ki, dodaqlarım susuzluqdan çatlamasın. Şükürlər olsun ki, bu dəfə də şanslı oldum.... Yeri gəlmişkən, qışda dənizdə çimməyi, paraşutla atlanmağı, işimlə əlaqədar şəhərin yüksək binalarından Bakını seyr etməyi də çox sevirəm. Bir sözlə, yüksəkliklər hər zaman məni xoşbəxt edir.




Şahanə Rəhimli
Foto: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti