Azərbaycan tranzit tariflərini dəyişir

Azərbaycan tranzit tariflərini dəyişir
  30 Noyabr 2015    Oxunub:2083
Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dimitri Kumsişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin mövcud vəziyyəti və əməkdaşlıq perspektivləri, eləcə də tranzit yükdaşımalar sahəsində səmərəliliyin artırılması, bu sahədə iki ölkə arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.

Ş.Mustafayev qeyd edib ki, ölkələr arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edir. Strateji tərəfdaş olan Azərbaycan və Gürcüstanın iştirakı ilə regionda irimiqyaslı layihələr həyata keçirilir. Bununla belə, ölkələr arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar var və əlaqələrin genişləndirilməsində nəqliyyat sahəsi, xüsusilə tranzit yükdaşımaları mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində bir sıra layihələr həyata keçirilir, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilir. Belə ki, Xəzər hövzəsində ən böyük ticarət limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin birinci fazası artıq başa çatdırılıb, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası yekunlaşmaq üzrədir. Bütün bunlar isə Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını daha da genişləndirir. Buna baxmayaraq, yükdaşımaların həcminin azalması müşahidə edilir.

Ş.Mustafayev Azərbaycanın tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədi ilə yaradılmış Tranzit Yükdaşımalar üzrə Əlaqələndirmə Şurasının fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, bu həftə ərzində tranzit yükdaşımaları üzrə optimallaşdırılmış tariflər elan ediləcək.

Azərbaycanın tranzit yükdaşımalarının həcminin artırılması sahəsində qonşu Gürcüstanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıran Ş.Mustafayev bu sahədə optimallaşdırılmış tarif siyasətinin həyata keçirilməsinin, mövcud proseduraların sadələşdirilməsinin, əlaqələndirmə işlərinin gücləndirilməsinin vacibliyini qeyd edib.

Gürcüstanlı nazir D.Kumsişvili Əlaqələndirmə Şurasının yaradılmasını tranzit daşımalarının həcminin artırılmasında mühüm addım kimi qiymətləndirib, tranzit yükdaşımaları sahəsində əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün faydalı olacağını vurğulayıb.

D.Kumsişvili Gürcüstanın da tranzit yükdaşımaları sahəsində mövcud potensialdan daha səmərəli istifadə edilməsində maraqlı olduğunu bildirib. Bu sahədə proseduraların sadələşdirilməsinə və daşıma tariflərinə dair fikirlərini bölüşüb. Görüşdə ticarət, investisiya və digər məsələlər də müzakirə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti