Azərbaycan silahlarını dünyaya nümayiş etdirir - FOTOLAR

Azərbaycan silahlarını dünyaya nümayiş etdirir - FOTOLAR
  27 Sentyabr 2016    Oxunub:22080
Bu gün Bakı Ekspo Mərkəzində “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb.

AzVision.az-ın məlumatına görə, sərgidə dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların təmsilçiləri, bir neçə ölkənin müdafiə naziri və müxtəlif ölkələrin nazirliklərinin nümayəndələri iştirak edirlər.

Müdafiə sənayesi naziri Yavər Camalov çıxış edərək bildirib ki, ölkənin müdafiə qüdrətinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır: "Bugünkü sərgi bunun bariz nümunəsidir. Azərbaycan ordusu regionda ən güclü ordular sırasındadır. Bu il sərgidə 260 məmulat nümayiş olunur. İlk dəfə mina əleyhinə ildırım zirehli maşın və digər texnikilar nümayiş etdirilir. 125 yeni məmulatın hazırlanması istiqamətində işlər davam etdirilir. Həmçinin bu sərgidə 45 ölkədən 250 şirkət burada iştirak edir. Eyni zamanda 20 ölkədən 25 rəsmi nümayəndə heyəti sərgiyə qatılıb".



Baş nazirin müavini Yaqub Eyyubov prezident İlham Əliyevin sərgi iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Qeyd olunub ki, “ADEX” sərgisi müdafiə sənayesi sahəsində ən yeni və unikal məhsulları peşəkarlara təqdim etmək, eləcə də təcrübə mübadiləsi aparmaq üçün imkan yaradır.



Sərgidə Belarus, İsrail, Çin, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Fransa və Çexiya milli qrupları öz ekspozisiyalarının miqyası ilə fərqlənirlər. Şirkətlərin sayına görə ən böyük pavilyonlar Türkiyəyə (42 şirkət), İsrailə (14 şirkət) və Rusiyaya (14 şirkət) məxsusdur.

“ADEX 2016” sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar da nümayiş etdirilir. Nazirlik “ADEX-2016” sərgisinə 260 addan çox müdafiə təyinatlı məmulat çıxarıb. Burada Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, hərbi nəqliyyat vasitələri və texnika, eləcə də silah-sursat nümunələrini nümayiş etdirir. Sərgi çərçivəsində Azərbaycanın müdafiə sənayesinin bir sıra yeni məhsullarının təqdimatı nəzərdə tutulur.



Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi və “Caspian Event Organisers” “CEO” şirkəti “ADEX” sərgisinin təşkilatçıları qismində çıxış edirlər. Müdafiə Nazirliyi sərgiyə dəstək göstərir.

Sentyabrın 30-dək davam edəcək sərgi çərçivəsində seminar, təqdimat, ikitərəfli görüşlər keçiriləcək.













Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti