Azərbaycan peykini hərbidə istifadə edəcək
Potensial benefisiarların maarifləndirilməsi məqsədilə keçirilən seminarda “Azərkosmos”un və peykin istehsalçısı olan Fransanın “Airbus Defence &Space” şirkətinin mütəxəssisləri peykin texniki xüsusiyyətləri, peyk təsvirlərinin hərbi məqsədlər üçün praktiki istifadəsi, hərbi xəritəçilik, əməliyyatların coğrafi məkan kəşfiyyat məlumatları ilə təminatı, nəzarəti və monitorinqi və digər bu kimi mövzular haqqında təqdimatlar ediblər.
İnteraktiv formada təşkil edilmiş seminarda ölkəmizin Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Daxili İşlər və Müdafiə nazirlikləri, Dövlət Sərhəd Xidməti kimi güc strukturlarının nümayəndələri iştirakı ediblər.
Bu ilin sonuncu rübünə planlaşdırılmış eynitipli növbəti seminar isə peyk təsvirləri vasitəsilə təbii ehtiyatların tədqiqi və monitorinqi mövzusuna həsr olunacaq.
Qeyd edək ki, 30 iyun 2014-cü ildə uğurla orbitə çıxarılmış və 2 dekabr 2014-cü il tarixindən etibarən “Azərkosmos”a təhvil verilmiş yüksək ayırdetməli (1.5m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” peykinin 12 il müddətində fəaliyyət göstərəcəyi proqnozlaşdırılır. Peykin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri var.
AzVision.az