Azərbaycan hansı ölkələrdən məhsul alır?

Azərbaycan hansı ölkələrdən məhsul alır?
  15 Fevral 2017    Oxunub:2489
Respublika Sanitariya-Karantin Müfəttişliyinin Laboratoriya şöbəsində ötən il ərzində ölkəyə idxal olunan məhsullarla bağlı aparılan müayinələrin sayı açıqlanıb.
Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev bugünkü mətbuat konfransında çıxışı zamanı deyib ki, hesabat dövründə qurumun sanitar-kimyəvi bölməsində 10 460 müayinə, sanitar-bakterioloji bölməsində 6 674 müayinə, toksikoloji bölməsində isə 4802 müayinə aparılıb.

“Onlardan 1 nümunə (toyuq dərisi) sanitar-kimyəvi müayinələrə, 28 nümunə (ət, süd və konservləşdirilmiş məhsullar) sanitar-bakterioloji müayinələrə, 5 nümunə (uşaq oyuncaqları, makiyaj vasitəsi-pomada, efir yağları) toksikoloji müayinələrə görə sanitariya norma və qaydaların tələblərinə cavab verməyib”.

T.Vəliyev əlavə edib ki, bu məhsullardan təkrar nümunələr götürülərək müayinələrin aparılıb: “Nəticələri sanitar norma və qaydaların tələblərinə cavab verməyən məhsullar gigiyena qeydiyyatına alınmayıb. Keçən il ərzində laboratoriya şöbəsinin həkimləri tərəfindən respublikadan ixrac olunan məhsullar üzrə 68 dozimetrik müayinə aparılıb”.

Şöbə müdiri əlavə edib ki, məhsullarla bağlı hüquqi və fiziki şəxslərin müraciətləri əsasında təqdim olunmuş sənədlər araşdırıldıqdan sonra laborator müayinələr üçün nümunələr götürülür: “Nümunələr müayinə edilir və nəticələr mövcud normativlərin tələblərinə cavab verərsə, məhsul dövlət gigiyena qeydiyyatına alınır və realizasiyasına icazə verilir. Məhsulun laborator müayinələrinin nəticələri həmin normativlərin tələblərinə cavab vermədiyi halda müvafiq tədbirlər görülür. Məhsulların dövlət gigiyena qeydiyyatına alınması zamanı istər gömrük-sərhəd keçidlərində, istərsə də respublika daxilində gecikmə hallarına yol verilmir”.

Respublika Sanitariya-Karantin Müfəttişliyinin Sanitar Gigiyena şöbəsinin müdiri Saleh Novruzi bildirib ki, 2016-cil qeydiyyata alınan məhsullar sırasında uşaq qidaları, ət məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, qənnadi məhsullar üstünlük təşkil edib.

Onun sözlərinə görə, ötən il Nazirlər Kabinetinin 17.06.2016-cı il tarixli 231 saylı qərarı ilə təsdiq edilmiş “Sanitariya nəzarətində olan məhsulların siyahısı”na uyğun olaraq hüquqi və fiziki şəxslərin müraciətləri əsasında ərzaq və qeyri-ərzaq məhsullarından götürülmüş nümunələr laborator müayinələrə cəlb edildikdən sonra dövlət gigiyena qeydiyyatına alınıb:

"Qeydiyyata alınan məhsullardan 10 min 998 ərzaq, 4484 qeyri-ərzaq məhsulları təşkil edib. Ölkəyə idxal olunan məhsullar əsasən Türkiyə, Rusiya,, İtaliya, Fransa, Ukrayna, Almaniya, Avropanın bir çox ölkələrindən gətirilir. bu gün ət məhsullar ən çox Rusiya, Ukrayna, Braziliya, ABŞ, Kanada, ətirlər Çexiya, Fransa, Polşa və Türkiyədən gətirilir”.

Saleh Novruzi qeyd edib ki, dövlət gigiyena qeydiyyatına alınan məhsullar Dövlət Gömrük Komitəsi ilə Respublika Sanitariya-Karantin Müfəttişliyi arasında elektron formada qarşılıqlı informasiya mübadiləsinin aparılması üçün yaradılmış Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) yerləşdirilir. Bununla da gömrük-sərhəd keçidlərində və gömrük rəsmiləşdirilməsi aparılan terminallarda dövlət gigiyena qeydiyyatına alınmış məhsullar barədə tam məlumat olur.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti