Azay Quliyevin qətnamə layihəsi ATƏT PA-da qəbul olundu

Azay Quliyevin qətnamə layihəsi ATƏT PA-da qəbul olundu
  07 İyul 2015    Oxunub:3640
ATƏT-in Parlament Assambleyasının Helsinkidə keçirilən yay sessiyasında Milli Məclisin deputatı, Assambleyanın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyevin hazırladığı “ATƏT regionunda dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik” adlı qətnamə qəbul edilib.

19 maddədən ibarət qətnamədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri dəstəklənir.

Qətnamədə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada mövcud olan münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də həmin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanır. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinin, münaqişələr nəticəsində məcburi köçkün düşmüş insanların doğma yurdlarına qeyd-şərtsiz qaytarılmalarının zəruriliyi qeyd edilir.

Beynəlxalq humanitar hüququn və insan haqlarının pozulmasına qəti etiraz edilən qətnamədə dövlətlərin cəzasızlığına son qoyulması, davamlı sülhün, ədalətin və barışın əldə edilməsi üçün müharibə cinayətləri, soyqırımı, insanlıq əleyhinə digər cinayətlər törədən şəxslərin mühakimə olunmaları tələbi irəli sürülür. Qətnamədə dövlətlərin sərhədlərinin, ərazi bütövlüyünün toxunulmazlığı və ərazilərin güc yolu ilə zəbt olunmasının qəbuledilməzliyi bildirilir. Həmçinin xalqların öz müqəddəratını təyinetmə hüququnun dövlətlərin ərazi bütövlüyünün pozulması hesabına və ya suverenliyinin əleyhinə olaraq həyata keçirilməsi yolverilməz hesab edilir.

Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyanın qətnaməyə təklif etdiyi heç bir dəyişiklik dəstəklənməyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti