Azad Rəhimov korrupsiyadan danışacaq

Azad Rəhimov korrupsiyadan danışacaq
  17 Sentyabr 2014    Oxunub:1336
Gənclər və idman naziri Azad Rəhimov Avropa Şurasının idmana məsul nazirlərin 13-cü Konfransına qatılacaq.
Nazirlikdən AzVision.az-a daxil olan məlumata görə, bu məqsədlə nazir bu gündən İsveçrənin Makolin şəhərin rəsmi səfərə gedib.

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövrünə təsadüf edən konfrans oktyabrın 31-dək davam edəcək. Buna görə də tədbirin açılış sessiyasında Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi Azad Rəhimov çıxış edəcək.

Çıxışı zamanı nazir Azad Rəhimov ölkəmizin bir sıra beynəlxalq yarışlara ev sahibliyi etməsi zamanı və eyni zamanda 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarında tamaşaçı zorakılığının qarşısının alınması, idmanda korrupsiya hallarına son qoyulmasının daim diqqət mərkəzində olmasının önəmini və bu səpkili konfransların keçirilməsindən danışacaq.

Konfrans zamanı “İdmanın idarə olunmasında korrupsiya”, “Avropa Şurası ilə Avropa İttifaqı arasında əməkdaşlıq”, “2015-ci il Dünya Antidopinq Kodeksinin həyata keçirilməsində hökumətlərin rolu”, “Tamaşaçı zorakılığına dair 1985-ci il Avropa Konvensiyasının icmalı” adlı qətnamələrin qəbulu gözlənilir.

Tədbir çərçivəsində həmçinin “İdman yarışlarının manipulyasiyasına diar Avropa Konvensiya”sı imzaya açıq elan ediləcək.

Qeyd edək ki, konfrans zamanı Azad Rəhimovun Avropa Şurasının baş katibi Torbörn Yaqlandla təkbətək görüşü də nəzərdə tutulur. Görüş zamanı Avropa Şurası ilə Azərbaycan arasında gənclər və idman sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə qurumla birgə həyata keçirdiyi “Gənclər siyasəti üzrə I Qlobal Forum” və “Nifrət nitqinə Yox hərəkatı” və s layihələr ətrafında müzakirələr olacaq. Eyni zamanda görüş əsnasında Bakı 2015 Avropa oyunlarının təqdimatı da gerçəkləşəcək.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti