Avtovağzal avtobusları təzələyir

Avtovağzal avtobusları təzələyir
  06 Oktyabr 2015    Oxunub:7543
Sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı Beynəlxalq Avtovağzalından (BBA) respublikanın digər şəhər və rayonlarına gedib-gələn avtobuslarının bir qismi yenilənəcək və onların sayı artırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq NİİM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib. Onun sözlərinə görə, yaxın zamanlarda müasir tələblərə cavab verməyən bəzi avtobuslar xətlərdən uzaqlaşdırılacaq:

"Texniki baxımdan nasaz vəziyyətdə olan, qəza şəraiti yarada biləcək və sərnişinlərin həyatı üçün təhlükə doğura biləcək "Ford" markalı mikroavtobuslar tədricən yeniləri ilə əvəz olunacaq. Onları digər markalı, daha komfortlu avtobuslar əvəz edəcək. Getdikcə Bakıdan rayonlara gedib-gələn avtobuslar həm yenilənəcək, həm də getdikcə onların sayı artırılacaq. Məqsəd rayonlararası və beynəlxalq sərnişindaşımada xidmətin keyfiyyətini yüksəltməkdir. Amma bunun birdən-birə edilməsini gözləməsinlər. Bu işlər tədricən görüləcək. Çünki avtobusların maya dəyəri çox yüksəkdir və avtobus sahiblərindən onların dəyişməsini tələb etmək vaxt alacaq. Amma sərnişinlər üçün hər hansı problem yaşanmasın deyə həmin avtobuslar mütləq tədricən dəyişdiriləcək".

Qeyd edək ki, artıq Bakı Beynəlxalq Avtovağzalında (BBA) biletlərin qiymətinin süni şəkildə qaldırılmasının qarşısının alınması üçün kassada eyni anda bir nəfərə çoxlu bilet satılmasına da icazə verilmir. Artıq bununla bağlı bir neçə bilet satıcısı cəzalandırılıb. Bundan başqa, biletsiz sərnişinləri götürən və onlardan daha çox pul alan bəzi sürücülərə də ciddi xəbərdarlıq edilib.

Bundan başqa, kənar nəqliyyat vasitələrinin Avtovağzalın ərazisinə daxil olması qadağan edilib.


Teqlər:





Xəbər lenti