Avropanı məhvə aparan “yunan yolu” - TƏHLİL

Avropanı məhvə aparan “yunan yolu” - TƏHLİL
  04 İyul 2015    Oxunub:3265
Sabah Yunanıstanda ölkədə qənaət rejiminin tətbiq olunması ilə bağlı referendum keçiriləcək.

AzVision.az xəbər verir ki, referendumun nəticələrindən asılı olaraq Avropa Birliyinin gələcək taleyi müəyyənləşəcək.

Kreditorlar - Beynəlxalq Valyuta Fondu, Avropa Bankı və Avropa Komissiyası Yunanıstan hökumətinin 8 maddədən ibarət qənaət planının qəbul etməyi israr edir. Bu islahatlar sırasında pensiya islahatı, korrupsiya ilə mübarizə və vergilərin artırılması da var.
Yunanıstan baş naziri Aleksis Tsipras isə öz növbəsində ötən gün Afinada tərəfdarlarının keçirdiyi mitinqdə növbəti dəfə ölkə vətəndaşlarını referendumda kreditorlarının təklifini rədd etməyə çağırıb. Tsipras bəyan edib ki, yunanlar onları təhdid edən kreditorların ultimatumuna şərəflə “yox” deməlidilər.



Yunan hökumətinin rəhbəri vətəndaşların onun çağırışını eşidəcəyinə və onların bazar ertəsi qalib olacaqlarına əmin olduğunu bildirib. “Heç kim bu ehtirası, həyatı təhlükəni, ümidə, optimizmə cəhdə etinasız yaşaya bilməz. Bu gün biz cəsarət və qətiyyətlə öz taleyimizi öz əlimizə almaq cəhdini qeyd edirik. Biz qorxuya qalib gəlmək üçün oxuyur və bayram edirik”, - deyə Tsipras bildirib.

Yunanıstanda keçirilən referendumun nəticələri Avropada köklü dəyişikliklərə səbəb ola bilər.



Referendumla bağlı mümkün iki ssenari:

Əgər yunanlar referendumda kreditorların təklifinə “hə” desələr onda baş nazir Tsipras istefa verməyə məcbur olacaq. Belə ki, mümkün istefası barədə Tsipras hələ özü bir neçə gün əvvəl televiziya müsahibəsində bildirib.
Tsipras istefa verəcəyi təqdirdə isə yeni milli birlik hökuməti formalaşdırılacaq.

Maraqlı hal budur ki, baş nazir özü Avropa ilə danışıqlar masasını tərk etmədiyini və Yunanıstanın sonuncu təklifinin hələ də aktual olduğunu bildirib.

İstefa verəcəyi təqdirdə Tsipras yenidən müxalifətə qayıdacaq. Lakin bu zaman onun baş nazirlik təcrübəsi və dünyada tanınan bir siyasətçi olacaq.

Belə ki, cəmi 6 ay əvvəl dünyada heç kəs Tsiprası tanımırdı, lakin ateist baş nazir öz kreativ və qeyri-adi addımları ilə dünyada ən çox tanınan şəxslər siyahısına daxil ola bilib.

Lakin ən maraqlı vəziyyət səsvermə zamanı yunanların beynəlxalq kreditorların təklifinə “yox” dediyi zaman baş verəcək.



Baş nazir vətəndaşların bu qərarına arxalanaraq Yunanıstan üçün daha sərfəli şərtlərlə bağlı danışıqlar aparmalı olacaq. Təbii ki, bu böyük riskdir. Axı, bir gün Avropanın da səbri tükənə bilər. Amma ötən gündən etibarən Avropadan Yunanıstana yeni təkliflər edilməyə başlandı.

Ekspertlərin fikrincə, əgər Avropa səsvermə gününə qədər Yunanıstana daha sərfəli yeni təkliflər etsə, o zaman vətəndaşların referendumda “yox” demə ehtimalı kəskin artacaq.

Lakin səsvermədə mümkün “yox” nəticəsi yunan bankları üçün faciə ilə nəticələnə bilər.

Hətta Yunanıstanın maliyyə naziri Yannis Varufakis vurğulayıb ki, Yunanıstan Avrozanını tərk etməməli və onunla Avropa İttifaqı məhkəmələrində mübarizə aparmalıdır. Reallıqda əgər ölkə bank sektorunu yenidən başlatmaq istəyirsə, o birliyi könüllü şəkildə tərk etməlidir.

Yeganə alternativ variant ölkənin öz valyutasını dövriyyəyə buraxmaqdır. Bu halda isə yerli pul dərhal kəskin şəkildə devalvasiyaya məruz qalacaq.



Yunanlar referendumda “yox” desələr bu Avropa İttifaqının vahid valyutası avronun kəskin ucuzlaşmasına səbəb ola bilər. Nəticədə isə onsuzda iqtisadi böhrandan əziyyət çəkən Avropada böhran daha da dərinləşəcək. Bu böhran isə ümumilikdə, Avropa İttifaqının dağılması ilə nəticələnə bilər.

Referenduma bir gün qalmasına baxmayaraq, Yunanıstan əhalisi hələ də öz seçimini etməyib. Belə ki, rəy sorğularına əsasən kreditorların təklifinə “hə” və “yox” deyəcək yunanların sayı praktiki olaraq eynidir.



Referendum qeyri-müəyyənliyi:

“Ipsos” şirkətinin Yunanıstanda keçirdiyi rəy sorğusuna əsasən, kreditorların sərt şərtlərini vətəndaşların 44 faizi dəstəkləyir, bu şərtlərin əleyhinə isə 43 faiz səs verməyə hazırdır. Rəyi soruşulanların 12 faizi isə hələ də öz mövqelərini müəyyənləşdirməyib.
Bütün dünya isə Yunanıstanda referendumundan sonra “qara bazar” günün təkrarlanacağından ehtiyatlanır.

Qeyd edək ki, hazırda Yunanıstanın borcunun həcmi 315 milyard dollar və ya ÜDM-in 175 faizini təşkil edir. BFV-in qiymətləndirilməsinə əsasən Yunanıstanda vəziyyətin normallaşdırılması üçün yaxın üç ildə 52 milyard avro, həmçinin xarici borcun bir hissəsinin silinməsi lazımdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti