Avropalı qonaqlar Gəncə haqqında nə dedilər?

Avropalı qonaqlar Gəncə haqqında nə dedilər?
  04 May 2016    Oxunub:4377
“Gəncə – 2016 Avropa Gənclər Paytaxtı” Layihəsinin qonaqları artıq Gəncə şəhəri ilə yaxından tanış olublar. Qonaqlar Məhsəti Gəncəvi Mərkəzi, Nizami Gəncəvi məqbərəsi və Nizami Muzeyi, Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi abidə-kompleksini gəziblər. Həmçinin Göy-göl Milli Parkına ekskursiya da təşkil edilib.

Fernea Codruta – Rumıniya:
– Coğrafi cəhət¬dən Azərbaycanın yerləşdiyi məkan haqqında bilgim var idi. Amma xalqınız haqqında, onun mədəniyyəti və tarixi ilə bağlı məlumatlı deyildim. Elə ilk dəqiqələrdən azərbaycanlıların nə qədər mehriban, qonaqpərvər olduqlarını hiss etdim. Sizlərlə ünsiyyət qurmaq çox asan və xoşdur. Müraciət etdiyim hər kəs ölkəsi, yaşadığı şəhər haqqında müfəssəl məlumat verməyə hazırdır. Bu, çox gözəl keyfiyyətdir.

Maria Katarina – Portuqaliya: – Gəncəyə gəlişimə şadam. Çünki Azərbaycanla bağlı bilgilərim zənginləşdi. Məhsəti Gəncəvi adına muzeydə olduq. Deyim ki, çox zəngin eksponatı olan bu muzeydə min il əvvəl yaşamış azərbaycanlı sənətkar xanım haqqında geniş məlumat əldə etmək mümkündür. Elə Nizami Gəncəvi muzeyi, onun məqbərəsi də məndə böyük təəssürat yaratdı. Xoşbəxtsiniz ki, belə dahi sənətkarlarınız var.

Lora Todorova – Avropa Gənclər Forumunun təmsilçisi: – Gəncəyə ilk dəfədir gəlirəm. Şəhəriniz çox gözəldir. Tarixi qədim olsa da, müasir tikililəri ilə gözəl bir ahəng yaradıb. İxtisasca siyasi şərhçiyəm. Ümidvaram ki, yaddaşıma yazdıqlarım, eləcə də gördüklərim məni bir daha bu şəhərə qayıtmağa sövq edəcək.

Dimitrios G.Tsoungar – Yunanıstan: – Bu, mənim Gəncəyə ikinci səfərimdir. Birinci dəfə qeyri-rəsmi gəlmişəm. Sizin ecazkar şəfa ocağınız olan Naftalan şəhərində müalicə götürdüyüm zaman eşitdim ki, Gəncə adında gözəl bir şəhər var. Elə ona görə də məndə Gəncə ilə tanış olmaq həvəsi yarandı. Gəncədə gördüklərim, sözün həqiqi mənasında, məni heyran etdi. Xüsusilə ən gözəl memarlıq abidəsi sayılan Məhsəti Gəncəvi Mərkəzi çox xoşuma gəldi. Bu ada Yunanıstanın Soloniki şəhəri də layiq görülüb. Ümidvaram ki, bu bir il ərzində Gəncəyə gələn hər kəs Vətəninə zəngin təəssüratla dönəcəkdir.



Daniel Kristian Ciobanu – Rumıniya Respublikasının Azərbaycandakı səfiri. NATO-nun Azərbaycan üzrə koordinatoru: – Gəncəyə üçüncü dəfədir ki, səfər edirəm. Deyim ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Biz həm də strateji partnyor sayılırıq. Hər gəlişim heç vaxt unuda bilməyəcəyim təəssüratlarla zəngin olub. Onu da xüsusi olaraq qeyd edim ki, Gəncə Dövlət Universitetində tələbələrə mühazirə oxumuşam. Bu isə gəncəli gənclərlə ünsiyyətim üçün əlverişli bir məqam yaradıb. Avropa Gənclər Paytaxtının açarı Gəncəyə Rumıniyanın Cluz-Napoca şəhərindən gətirilib. Mətbəxinizə isə söz ola bilməz. «Yeməkləriniz çox dadlıdır». (Səfir bu sözləri Azərbaycan dilində söylədi).

Zeljko Milovanoviç – Sloveniya: – Sloveniyanın Maribor şəhəri 2013-cü ildə Avropanın Gənclər Paytaxtı olub. İlk dəfə Gəncə haqqında o zaman eşitdim. Bu gün Gəncədə olduğum üçün çox şadam. Elə hava limanında qarşılanarkən Azərbaycan xalqının nə qədər qonaqpərvər olduğunu yəqinləşdirdim. Sizə uğurlar arzulayıram.

Karolina Dodon – Moldova Gənclər Şurasının təmsilçisi: – Azərbaycanda, Gəncədə ilk dəfədir ki, oluram. Bu şəhərin çox qədim tarixə malik olması haqqında məlumatım var. Məni təəccübləndirən isə belə bir qədim şəhərin əhalisinin əksəriyyətinin gənclərdən ibarət olmasıdır. Yəni, gördüklərim mənə bu fikirləri söyləməyə əsas verir. Gənclik böyük qüvvədir, gəncləri xoşbəxt olan dövlət qüdrətli dövlət sayıla bilər.
Konstantina Siountri – Yunanıstanın Mədəniyyət Nazirliyinin nümayəndəsi: – 2014-cü ildə Yunanıstanın Soloniki şəhərində keçirilən Avropa Gənclər Paytaxtı tədbirində iştirakım ən xoş xatirələrimdən biridir. Ümidvaram ki, Gəncəyə səfərim həmin xatirələri bir qədər də zənginləşdirəcəkdir. Bu tədbirdə daha çox gənclərin iştirak edəcəyini gözləyirəm.

Marya Borisova – İtaliya Gənclərin Anlaşma və Mübadilə Təşkilatı: – 2019-cu il üçün İtaliyanın Peruca şəhəri Avropa Gənclər Paytaxtı uğrunda final yarışmasına qoşulub. Yəqin ki, belə bir xoşbəxtlik bizlərə də nəsib olacaq və burada gördüyüm gəncləri öz məmləkətimdə salamlamaqdan məmnunluq duyacağam. Onu da qeyd edim ki, gənclərin könüllülük fəaliyyəti məni çox sevindirir. Bir sözlə, Gəncədə olmağımdan şadam.



Teqlər:





Xəbər lenti