Avropa Putin oliqarxlarının hesablarını donduracaq

Avropa Putin oliqarxlarının hesablarını donduracaq
  22 İyul 2014    Oxunub:813
Deyvid Kemeron Avropa İttifaqından Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb edib.
Böyük Britaniyanın baş naziri Deyvid Kemeron Rusiya prezidenti Vladimir Putinə yaxın olan oliqarxların aktivlərinin dondurulmasını təklif edir.

“Krım məsələsi ilə əlaqələri olub-olmamasına baxmayaraq təklif edirəm ki, Rusiya prezidentinə yaxın olan oliqarxların aktivləri dondurulsun” – deyə, o, parlamentdə çıxışı zamanı bildirib.

Bundan əvvəl mətbuatda yayılan xəbərlərə görə, Kemeron Avropa İttifaqına üzv ölkələri Rusiyaya, xüsusilə də ölkənin iqtisadi sektoruna qarşı sanksiyaları sərtləşdirməyə şağırıb.

Xəbər verdiyimiz kimi Avropa İttifaqı Rusiya Federasiyasına qarşı sanksiyaları növbəti dəfə genişləndirməklə bağlı razılığa gəlib, lakin ticari-iqtisadi məhdudiyyətlər qəbul etməyib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidenti ilə söhbətində Deyvid Kemeron, Donetskdə Boinq təyyarəsinin vurulmasına görə Rusiyanı günahlandırıb. O bildirib ki, insidentin səbəblərindən biri Putinin rusmeylli separatçılara dəstək verməsidir: “Şübhə etmirəm ki, təyyarəni separatçılar vurub. Nəticə etibarı ilə faciəyə görə, Ukraynada vəziyyəti gərginləşdirən, separatçılara dəstək verən, onları öyrədən, raketdən müdafiə sistemləri ilə davranış qaydalarını onlara başa salan Rusiya günahkardır”.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti