Avropa Birliyi Azərbaycanla vizanı ləğv edə bilər

Avropa Birliyi Azərbaycanla vizanı ləğv edə bilər
  30 May 2015    Oxunub:2445
“Azərbaycan bütün beynəlxalq proqramlarda çox ciddi iştirak edib. Riqa sammiti də onu göstərdi ki, Avropa Birliyi bu prosesə daha ciddi yanaşmalı, diqqət yetirməlidir”.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputatın sözlərinə görə, Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır: “Ümidvaram ki, yaxın müddətdə Azərbaycan Avropa Birliyi ilə strateji tərəfdaşlıq və bir sıra siyasi məsələləri əhatə edən sazişə imza atacaq. Hazırda bunun üzərində iş gedir. Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Avropa Birliyinə sənəd təqdim edilib.

Əminəm ki, vizaların sadələşdirilməsi ilə bağlı imzaladığımız sənədlər Azərbaycan və Avropa Birliyi ölkələri arasında viza rejiminin gələcəkdə ləğv olunmasına gətirib çıxara biləcək. Ən əsası Azərbaycanı bu gün maraqlandıran istiqamətlər təhsil və mədəniyyətlə bağlıdır. Azərbaycan tələbələri artıq vizaların yüngülləşməsi hesabına asanlıqla Avropanın istənilən universitetində öz təhsilini davam etdirə bilirlər. Bizim üçün də əsas amillər bundan ibarətdir”.

Millət vəkilinin fikrincə, Azərbaycanın Assosasiya sazişini imzalamamasının səbəblərindən biri ölkəmizin dünyanın bir sıra bazarları ilə çox ciddi münasibətlərinin olmasıdır.

“Azərbaycanın ticarət əlaqələrinə baxsaq, buraya ABŞ, Çin, Cənubi Koreya və s. böyük dövlətlər daxildir. Onun üçün Avrasiya İttifaqında özümüzü məhdudlaşdırmaq istəmirik. Avropa Birliyi bizim çox gözəl tərəfdaşımızdır. Əməkdaşlığımız davam edəcək və əminəm ki, getdikcə də güclənəcək. Bu baxımdan Avropa ilə yaxşı əlaqələr qurmalıyıq”-deyə millət vəkili qeyd edib.

A.Mollazadə hesab edir ki, Prezident İlham Əliyevin Riqa Sammitində iştirak etməməsi Avropa Birliyi ilə Azərbaycanın əlaqələrinə mənfi təsir göstərməyəcək.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti