Almaniyanın Avropa ağalığı və `avro diplomatiyası`

Almaniyanın Avropa ağalığı və `avro diplomatiyası`
  06 Mart 2015    Oxunub:8212
Fərrux Həsənov

Politologiyada “dollar diplomatiyası” deyilən bir anlayış var. Əsası 1908-ci ildə ABŞ Prezidenti Uilyam Horvard Taft tərəfindən qoyulan "dollar diplomatiyası" xüsusən Latın Amerikası ölkələrinə qarşı tətbiq olunurdu - Kolumbiya, Nikaraquaya, Honduras, Panama və s. Hazırkı dövrdə "avro diplomatiyası" da eyni məqsədi daşıyır.


Almaniya “Avro diplomatiyası”nı Yunanıstan, İrlandiya, İspaniya, İtaliya və Kipr kimi ölkələrə qarşı tətbiq edir. Sözügedən Cənubi Amerika ölkələrinin iqtisadiyyatı çox zəif idi, eyni zamanda sadaladığım Avropa dövlətləri də qeyri-sabit iqtisadiyyata malikdirlər.

AB-nin almanların liderliyi altında var olması Berlinin tarixi istəklərindən biri olub. Almaniyanın Avropa İttifaqındakı əsas güc, onun bel sütunu olduğu hər kəsə məlumdur. AB-yə üzv olan hər bir dövlət suverenlik hüququnu xarici siyasətin ümumi prinsiplərinə güzəştə gedir və beləliklə, vahid regional qurumda birləşmiş olurlar. Vahid Avropa yaratmaq hələ II Dünya Müharibəsi zamanı Hitlerin məqsədlərindən biri olmuşdu. Hitler kənd təsərrüfatı siyasətini zəbt edəcəyi şərq torpaqlarında yürütməyi planlaşdırırdı. Nasist Almaniyasında xarici siyasətin 3 istiqamətindən birini təşkil edən bu proyekt "Lebensraum" adlanırdı. Hitlerin bu planı reallaşmasa da, onun müasir modeli Avropa Birliyinin timsalında reallaşdı. Lakin burada əsas faktor hərbi yox, geoiqtisadi güc oldu.

Almaniya iqtisadiyyatı sosial yönümlü bazar iqtisadiyyatıdır. Onun yüksək ixtisaslı işçi qüvvəsi, inkişaf etmiş struktur və böyük kapital ehtiyatı var. 1957-ci ildə qurulan AB-nin ilk üzvləri Almaniya, Belçika, Fransa, Lüksemburg, İtaliya və Niderland olmuşdu. Almaniyanın birləşməsindən sonra ölkə iqtisadiyyatının artım tempi azaldı. 2000-ci ildən sonra isə ümumiyyətlə, sürətli inkişaf dayandı. 2009-2010-cu illlərdə ölkə iqtisadiyyatı azalmağa doğru getdi. Kansler Angela Merkel iqtisadi böhranla bağlı Avropa ölkələrinə xitabən bildirirdi ki, "Əgər Almaniyanın irəli sürdüyü tələblər qəbul olunmursa, bu, bütün Avropa Birliyini təhlükə ilə qarşı-qarşıya qoyacaq".

Almaniya Yunanıstanı böhrandan qurtarmaqdan ötrü €440 milyonluq yardım ayırmışdı. Hətta Berlin 2013-cü ilə qədər qüvvədə qalması planlaşdırılan "AB-ni Qurtarma Paketi"nin yerinə "Qalıçı Mexanizm" hazırlamağı təklif etmişdi. Bu mexanizm elə olmalı idi ki, onun iş sistemi bütün ölkələrdə özünü tənzimləyə bilsin. Bir növ bu mexanizm eynilə Almaniyada işçilərə tətbiq edilən "Hartz IV qanunu" kimi sistemləşdirilməli idi. Almaniya təkcə bu təkliflə kifayətlənməyərək, AB müqavilələrinin də dəyişilməsi fikrini irəli sürmüşdü. Bu dəyişiklik rəsmi Berlinin Avropadakı nüfuz və çəkisini bir qədər də artırmış olacaqdı.



Əslində, Avrozonada baş vermiş iqtisadi böhran Almaniyanın regionda və dünyada geoiqtisadi, həmçinin geosiyasi nüfuzunu çox artırdı. Üstəgəl, rəsmi Berlin bu böhrandan hər kəsdən karlı çıxdı.

Avropa Birliyi regional təşkilat olsa da, qlobal müstəvidə vahid dövlət mahiyyətini kəsb edir. Bu, vahid xarici siyasət koordinantları, tək konstitusiyası və bayrağı, ən önəmlisi isə, vahid valyutası olan bir ittifaqdır. Pul - güc deməkdir, yəni böyük maliyyə ehtiyatlarına sahib olan ölkə həmişə söz söyləmək haqqına sahibdir.

Almaniya 90-cı ildən etibarən "sərt güc"dən "yumşaq güc"ə keçdi. Berlin çox gözəl bilirdi ki, hərbi güc Almaniyanı siyasi imic baxımından geri salır və buna alternativ geoiqtisadi güc qəbul edildi. Almaniyanın "avro diplomatiyası"nı başa düşmək üçün sadəcə Avropa Mərkəzi Bankının harada yerləşdiyinə fikir vermək lazımdır: Frankfurt. Təbii ki, Avropa İttifaqının valyuta ehtiyatlarına da Almaniya nəzarət edir.

Maliyyə böhranın zamanı ən doğru qərar qəbul edən ölkə Almaniya oldu. Berlin böhrandan əziyyət çəkən ölkələrin iqtisadiyyatını nəzarətə götürməklə, istəklərini diqtə etməyə başladı. Böhranın əvvəlində iqtisadiyyatı laxlayan Yunanıstan Almaniyanın ilk hədəfi oldu. Doğrudur, Alman bankları düzgün taktika seçərək, 2010-cu ilin əvvəlindən yunan hökumətinə kredit verməkdən imtina etdilər. 2010-cu ilin fevralında açıqlandı ki, Almaniyanın dövlət maliyyələşdirməsi ilə məşğul olan ən iri bankları – Hipo Real Esteyt və başqaları Yunanıstanın qiymətli kağızlarını almaqdan imtina etdilər. Bankların belə davranışının ardınca, 2010-cu ilin martın 3-də Almaniya Bundestaqının Xristian-Demokrat Partiyasından deputatı Marko Vandervits Afinaya təklif etdi ki, AB-yə olan borcları müqabilində yunan adalarının bir hissəsini versin: “Biz sizə pul, siz bizə Korfu adasını”.

Korfu adası Yunanıstan ən iri adalarından biridir. Bu adada 100 mindən artıq əhali yaşayır. Bu, həm iqtisadi, həm də geostrateji məsələdir. Bir tərəfdən Yunanıstan suverenliyini itirir və Almaniyadan asılı olur, o biri tərəfdən də Almaniya Aralıq dənizinə çıxaraq, adalara sahiblənir. Bundan başqa, Almaniya Yunanıstana verilən borclardan da qazanır. Almaniyanın maliyyə naziri Avropa Sabitləşdirici Fondundan praktik olaraq faizsiz pul götürərək, Yunanıstana borc kimi verir və faizlərdən qazanır.

Yunanıstanın baş naziri olmuş Venizelisin bəyan etdiyinə görə, bu üsulla son iki ildə Almaniya Yunanıstana verdiyi borclardan 400 milyon avro qazanıb. Həm də, təkcə kreditlərin verilməsindən deyil: Yunanıstana silah satışı da Almaniyanın qazanc mənbəyidir. Almaniyanın silah ixracının 15%-i Yunanıstanın payına düşür.

Almaniyanın tələbilə bütün Avropa dövlətləri öz büdcələrini AB-nin komissiyasında təsdiqlətməyə məcbur oldular. Hazırda AB - Almaniya deməkdir. Başqa sözlə, AB-yə üzv dövlətlər xərclərini və gəlirlərini müəyyənləşdirməyi, hara nə qədər xərcləməyi Almaniyadan soruşacaqlar. Soruşmayanlar və yaxud Almaniyanın dediklərinə əməl etməyənlərə cəza tətbiq ediləcək.



Beləliklə, Avropada ağalıq Berlinə keçdi. Nəticədə 20 il əvvəl Almaniyanın avropalaşdırılması məqsədilə başladılmış siyasət əks effekt verdi. Əksinə, Avropa almaniyalaşmağa başladı.

Almaniyada 90 iri sənaye şirkəti var; 150 il ərzində Almaniyada sənaye yüksək həddə çatıb və Avropada ən böyük sənaye sektoruna malikdir. Bütün bu gücə və iqtisadi inkişafa Almaniya təkbaşına nail oldu.

1999-2004-cü illərdə Avropa komissiyasını prezidenti olmuş Romano Prodi qeyd edir ki, "Avropa Birliyi yoxdur, amma Almaniya var. Bütün bu işləri Avropa Mərkəzi Bankı yox, Bundesbank görür". Prodi Almanların "avro diplomatiyası"nı ən sərt şəkildə tənqid edən şəxslərdən biridir və onun fikrincə, Maastrix müqaviləsinin şərtləri dəyişdirilməlidir. Prodi vurğulayır ki, "Bu gün yalnız bir ölkə və yalnız bir komanda var, bu da Almaniyadır".

Yaxşı iqtisadiyyat malik olan Almaniya dünyada aparıcı rol oynamaq üçün kifayət qədər güclüdür. Ölkənin maliyyə naziri Volfgang Şoyble bildirir ki, “Böhrandan qurtulmaq üçün ayrı-ayrı AB dövlətləri Almaniyaya büdcələri üzərində nəzarət hüququ verməlidirlər”. Belə olduğu halda Almaniya həmin dövlətlərin büdcəsinə nəzarət etmək, hətta veto qoymaq hüququ qazanacaq.

Almaniyanın birləşməsi onun iqtisadiyyatına böyük təkan verdi, nəticədə Avropanın daxilində alman geoiqtisadi gücü səssizcə artmağa başladı. Hazırda Almaniya böyük iqtisadi gücə sahibdir, AB-nin bütün maliyyə və idarəçilik sisteminə nəzarət edir. Avropanın ən böyük kreditorudur. Qitənin sənaye mərkəzi və böyüklüyünə görə dünyanın ikinci ixracatçı ölkəsidir. Təkcə bu ölkənin iqtisadiyyatı Avropadakı iqtisadi böhranı dayandırmağı bacardı. Bununla yanaşı, Almaniya yeganə ölkədir ki, avronun davamlılığını təmin edə biləcək kifayət qədər resurslara malikdir. Avropa sanki Almaniyanın daxili bazarına çevrilib. AB içində bir çox ölkələrin Almaniyaya borclu olması, az qala bütün ölkələrin Almaniyaya qarşı xarici ticarət kəsiri vermələri Berlinin AB üzərindəki iqtisadi-siyasi gücünü və uğurla “avro diplomatiyası”nı yürütdüyünü göstərən başlıca faktlardan biridir.


Teqlər:  





Xəbər lenti