Almaniyada təhsil alan ilk azərbaycanlılar kimlərdir?

Almaniyada təhsil alan ilk azərbaycanlılar kimlərdir?
  10 Dekabr 2016    Oxunub:12974
19-cu əsrin sonu, 20-ci əsrin əvvələrində Almaniya ali təhsil müəssilərində təhsil almış azərbaycanlı tələbələri AzVision.az-la tanıyın.

Rusiya imperiyasında azərbaycanlılar ümumiyyətlə, müsəlmanlar üçün pedaqoji fəaliyyət qadağan idi. Orta məktəblərə müəllimləri əsasən Rusiyadan dəvət edirdilər. 1918-ci ilə kimi Azərbaycanda milli orta məktəblər yox səviyyəsində idi. Bu Rusiya təhsil qanunvericiliyində nəzərdə tutulmamışdı. Humanitar elmi tədqiqat institutları da Azərbaycanda fəaliyyət gostərmirdilər.

Qadağalara, maneələrə baxmayaraq azərbaycanlılar elmə, təhsilə can atırdılar. Doğma elindən, sevdiklərindən uzaq qalmağı gözə alaraq təhsil ala bilmək üçün xarici ölkələrə üz tuturdular. Xüsusilə də Almaniyaya.

Almaniyada humanitar sahədə təhsil almış ilk azərbaycanlı İrəvan quberniyasının Naxçıvan qəzasının Şaxtaxtlı kənd sakini Məhəmməd Ağa Şaxtaxtinski(1846-1930)olub. O, Tiflis klassik gimnaziyasını uğurla bitirdikdən sonra, təhsilini davam etdirmək üçün Peterburqa yola düşüb. Orada alman dilini öyrənib. Leypsiq universitetinin fəlsəfə, tarix və hüquq fakültəsini bitirib. Leypsiqdə şərqşünas kimi elmi fəaliyyətə başlayıb. Sonralar (1873-1875) M. Şaxtaxtinski Fransada Sorbon Universitetində şərq dilləri üzrə mühazirələrdə iştirak edib. O, ərəb əlifbasında islahatlar problemi ilə xüsusilə maraqlanırdı. Şaxtaxtinski Avropa maarifçilik ideyalarının müsəlman xalqları arasında yayılması üçün əsas maneənin məhz bu problem olduğunu düşünürdü. Onun fonetika bölməsinə aid tədqiqatları dünya elmində boyük maraq oyadıb. Beynəlxalq Fonetika cəmiyyəti (1899) və Rusiya İmperator Coğrafiyya Cəmiyyəti Qafqaz Şöbəsinin(1903) həqiqi üzvü seçilib.



Bu dövr Şaxtaxtisnki üçün çoxyönlü ictimai fəaliyyət ilə xarakterizə olunur. O, Sankt Peterburq, İstanbul, Bakı, Moskva, Tiflis qəzetləri ilə əməkdaşlıq qurmuş, 1903-cü ildən ümumi-siyasi qəzet olan “Şərqi-rus”un çapına başlamışdı. Qəzetin səhifələrində dil, mədəniyyət, sənət və ədəbiyyata böyük yer ayırmışdı.

1907- ci ildə o, Rusiya İmperiyasın dövlət dumasına millət vəkili seçilib. 1908-1918- ci illərdə Şərqə səfər edib. Azərbaycana döndükdən sonra Bakı Dövlət Universitetinin qurulmasında fəal iştirak edib və Respublikanın ali təhsil sistemində ilk professorlardan olub.
Mötəbər dilçi kimi tanınan Şaxtaxtinski, latın qrafikası əsasında Azərbaycan ədəbi dilinin islahatı işinə cəlb olunub.

M.Şaxtaxtinskinin qardaşı Əbülfət Şaxtaxtinskinin də adı Almaniyada ali təhsil almış azərbaycanlılar siyahısındadır. O,1877- ci ildə Tiflisdə orta məktəbi bitirdikdən sonra, Peterburq Texnologiya universitetinə qəbul olub.Tələbələrin kütləvi etiraz aksiyalarında yaxından iştirak etdiyinə görə, yüksək dövlət müəssilərində təhsil almaq şansını itirib və 1878 - ci ildən institutdan qovulub. Lakin sonradan Ə. Şaxtaxtinski Moskvada, Lazarev institunun Şərq dilləri fakültəsində təhsilini davam etdirmirməyə nail olub.1883-cü ildə isə Haydelberq universitetindən məzun olub.

O,1904-1905 –ci illər Rus-yapon müharibəsində iştirak edib, polkovnik rütbəsinə qədər yüksəlmişdi. Ömrünün son illərində ədəbi tərcümə ilə məşğul olmağa başlayıb. İohann Vofqanq Hötenin `Gənc Verterin iztirabları` əsərini Azərbaycan dilinə ilk dəfə o tərcumə edib.

Bakı quberniyasının Şamaxı qəzasından olan Məmmədtağı Əliyevin də həyatının bir hissəsi Almaniya ilə bağlıdır. 1883-cü ildə Moskvanın Kənd Təsərrüfatı Akademiyasında ali təhsil alan M. Əliyev, bir müddət Rusiyanın maliyyə nazirliyi sistemində işlədikdən sonra, Almaniya və Fransaya səfərlər edib, iqtisadiyyat və mədəniyyət sahələri üzrə məlumatlar toplamışdı. Əliyev, həmçinin alman dilində Sileziya vilayətinin iqtisadiyyatı haqqında kitab çap etmişdi.1888-ci ildə vətənə qayıtdıqdan sonra ozünü elmi və ictimai fəaliyyətə həsr etmişdi.1906- cı ildə Əliyev Rusiyanın Birinci Dumasına millət vəkili seçilib.



M.Əliyev Milli Azadlıq Hərəkatının önəmli nümayəndələrindən biri və Həsən Bəy Zərdabinin(1870 ci ildə Azərbaycanda ana dilində ilk qəzetin təsisçisi-red.) yaxın dostu idi. Əliyevin sonrakı fəaliyyətlərinin bir hissəsi hələ də naməlum olaraq qalır, çünki 1918 ci ildə Şamaxıda baş vermiş dəhşətli yanğın nəticəsində onun şəxsi arxivi və kitabxanası yanıb kül olub.

1920-ci illərdə Almaniyada şərq sənəti və arxeologiya elminin öyrənən azərbaycanlı Məhəmməd Ağaoğlu(1896-1949) olub. İrəvan şəhər sakini olan Ağaoğlu, 1916-cı ildə Moskva Universitetinin Şərq filoloqiyası fakültəsini bitirib, doktorluq dissertasiyasını müdafiə etmişdi. Ağaoğlu bir çox muzeylərin əsasının qoyulmasında və tarixi abidələrinin qorunması prosesində yaxından iştirak edib, öz töhvələrini əsirgəməyib.1919-20- ci illərdə Bakıda, Azərbaycan Demokratik Respublikasının parlamentinin nəzdində İstiqlal muzeyinin yaradılmasında Məhəmməd Ağaoğlunun müstəsna xidmətləri olub.

1920 - ci ildə Türkiyəyə mühacirət edib. Orada şərq dilləri və mədəniyyəti sahəsində yüksək ixtisas qazanmıb.1923-24- cü illərdə, Berlində biliklərini təkmilləşdirəndən sonra,Vyana universiteti onu fəlsəfə elmləri doktoru alimlik dərəcəsinə layiq görmüşdü.

Məhəmməd Ağaoğlu, Avropada şəxsi kolleksiyalar və muzeylərdə saxlanılan müsəlman və şərq xalqlarına aid tarixi sənədləri, abidələri yaxından araşdırıb.

Sonralar Amerikaya dəvət olunub. Orada Detroyt İncəsənət İnstitutunda Yaxın Şərq mədəniyyəti və incəsənəti şöbəsini təşkil edib, müsəlman şərq xalqlarının dekorativ sənət nümunələrindən ibarət böyük sərgi açıb, çoxlu kolleksiya toplayıb.

M. Ağaoğlu “Art islamika” ("İslam incəsənəti") adlı jurnalın naşiri və redaktoru olub.

19-cu əsrin sonu, 20- ci əsrin əvvəllərində Almaniyada təhsil almış azərbaycanlıların siyahısını məşhur azərbaycanlı dramaturq və ictimai xadim N.B. Vəzirovun oğlu Şamil Vəzirov, tekstil mühəndisi Balaxan Bakıxanov, pendir və süd emalı senayəsinin təsisçisi olan Həbib Kərimov, iqtisadçılar T.Cəfərov, M.Mollayev, Ağakərim Sadıxov və digərləri davam etdirirlər.



Ümumiyyətlə, həmin dövrdə Almaniyada təhsil almış azərbaycanlılar milli şüurun və ziyalı nəslin formalaşmasında böyük rol oynayıblar. Onların Azərbaycanda iqtisadiyyat, elm və mədəniyyətin inkişafında zəngin xidmətləri olub.

Alman ali məktəblərini bitirənlər arasında, M.A. Şaxtaxtinski, A.H. Axundov, S.Hüseynov, Q.Orucov, M. Xanlarov, elmə verdikləri töhvə qarşılığında yüksək qiymətləndirilib, yüksək elmi adlarla təltif olunublar.

Azərbaycan və Almaniya arasında iqtisadi, elmi və mədəni münasibətlər 1920-ci illərdən sonra da davam edib. Azərbaycanlı gənclər Azərbaycan Demokratik Respublikasının Hökuməti hesabına Avropanın, xüsusən də Almaniyanın (Saksoniya, Darmştadt, Frayberq, Berlin) mötəbər universitetlərinə göndərilib, gənc Respublikanın ən çox milli kadra ehtiyac duyulduğu sahələr üzrə peşəkar təhsil alıb, vətənə istedadlı və bilikli mütəxəssis kimi geri dönüblər.

Tələbələrdən savayı, müxtəlif sahələr üzrə azərbaycanlı mütəxəssislər, tanınmış həkimlər İ.Axundov, M. Hacıqasımov, K.Qasımov, M.A. Mirqasımov, M.Topçubaşov və digərləri Almaniyada olublar.

Ölkəmizdə müstəqillik bərpa olunandan sonra isə Azərbaycan-Almaniya münasibətləri genişlənmiş, daha stabil, çoxşaxəli və möhkəm olub.

Adil Şamıyev
AzVision.az


Teqlər:  





Xəbər lenti