Ağcabədidəki dəhşətli cinayətin səbəbi - Təfərrüat

Ağcabədidəki dəhşətli cinayətin səbəbi - Təfərrüat
  28 İyun 2016    Oxunub:3246
Ağcabədidə törədilən dəhşətli qətlin təfərrüatları məlum olub.
Rayon Polis Şöbəsindən verilən məlumata görə, arvadını, qaynatası və qaynanasını qətlə yetirdikdən sonra intihar edən, Xocavənd rayon sakini, 46 yaşlı Ələsgər Əşrəf oğlu Quliyevin həyat yoldaşı ilə problemləri olub.

O, ömür gün yoldaşı, 40 yaşlı Raifə Səfərova ilə birlikdə Füzuli rayonunun Alıxanlı kəndində heyvandarlıq fermasında yaşayıb. Təxminən 2 ay əvvəl R. Səfərovanın ehtiyatsızlıqdan sağ ayağı sındığı üçün Ağcabədi rayonunun Ağabəyli kəndinə - atası evinə gedib və bu müddət ərzində ərinin yanına qayıtmayıb.

Ə. Quliyev iyunun 25-də R. Səfərovanı özü ilə yaşadığı fermaya aparmaq üçün qaynatasının evinə gəlib. Həyat yoldaşı onunla getməkdən imtina edib və valideynlər də qızının müalicəsinin davam etdiyini bildiriblər. Bundan sonra başlayan mübahisə dəhşətli qətllə nəticələnib.

Ə. Quliyev özü ilə gətirdiyi ov tüfəngi ilə əvvəlcə evin həyətində qaynanası, 1954-cü il təvəllüdlü Nazilə Savalan qızı Səfərovanı qətlə yetirib. Ə. Quliyev daha sonra evə daxil olaraq yataq otağında arvadı R. Səfərovanı güllələyib. Ə. Quliyev arvadını öldürdükdən sonra getmək istəyərkən həyətdə qaynatası, 1949-cu il təvəllüdlü Ənvər Cənnətalı oğlu Səfərovla qarşılaşıb və tüfəngdən atəş açaraq onu da öldürüb.

Ə. Quliyev daha sonra Bəhramtəpə-Ağcabədi avtomobil yolunun Ağcabədi rayonu Ağabəyli kəndi ərazisindən keçən hissəsinə gələrək əlindəki silahdan özünün boğaz nahiyəsinə bir dəfə atəş açmaqla intihar edib.

Hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanları əməkdaşları oradan lüləsi kəsilmiş, 16 mm kalibrli ov tüfəngi və 4 ədəd giliz götürüblər.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir. (Region TV)



AzVision.az


Teqlər:  





Xəbər lenti