Adı Elnur Aslanovla birgə çəkilən Naqif Həmzəyev kimdir?

Adı Elnur Aslanovla birgə çəkilən Naqif Həmzəyev kimdir?
  15 Aprel 2014    Oxunub:10920
Bu gün “Bizim yol” qəzetində “Elnur Aslanov MTN-də 6 saat dindirilib” adlı yazı dərc edilib. Yazıda qeyd olunur ki, Elnur Aslanov dindirildikdən sonra “nurçu”larla əlaqəsi olan bir neçə şəxs barədə məlumat verib.
Onların arasında isə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev də var. Bildirilir ki, N.Həmzəyev də Türkiyə təhsilli sayıla bilər.

AzVision.az məsələ ilə bağlı Naqif Həmzəyevdən açıqlama ala bilməsə də, onun özü və təhsili haqqında bəzi məlumatlar əldə edib.

Belə ki, Həmzəyev Naqif Ələşrəf oğlu 1983-cü il 24 may tarixində Basarkeçər (Vardenis) rayonu Nərimanlı kəndində anadan olub və əslən azərbaycanlıdır. 1988-ci ildə Nərimanlı kənd orta məktəbinə daxil olub. 1989-cu ildən təhsilini Gəncə şəhəri Əhməd Cavad adına 2 saylı orta məktəbdə davam etdirib. 2000-ci ildə həmin məktəbi bitirib. 1991-ci ildə Gəncə şəhər incəsənət məktəbinin tar sinifinə daxil olub və 1996-cı ildə həmin məktəbi bitirib.

İlk ali təhsilini yazıda göstərilən kimi Türkiyədə yox Azərbaycanda alıb. O, 2000-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakultəsinə qəbul olunub. 2003-2004-cü illərdə dövlət xətti Türkiyə Cümhuriyyəti Atatürk Universitetində “qonaq tədqiqatçı” statusu ilə “Birinci dünya müharibəsi illərində Türkiyə-Rusya münasibətləri və erməni terroru” mövzusunda araşdırma aparıb.

2004-cü ildə eyni adlı buraxılış işini müdafiə edərək Bakı Dövlət Universitetinin tarix fakultəsinin bakalavr pilləsini bitirib.

2004-cü ildə Bakı Dövlət Universitetinin tarix fakultəsinin magistr pilləsinə daxil olub. O, öz ixtisasına uyğun olaraq, tarixi araşdırmalar məqsədilə Türkiyənin bəzi universitet arxivlərində araşdırma aparıb. Belə ki, 2004-2006-cı illərdə Türkiyə Cümhuriyyətinin bir neçə universiteti və arxivlərində “İraq Türkmənlərinin tarixi” mövzusunda araşdırma aparıb. 2006-cı ildə “İraq türkmənlərinin ictimai, iqtisadi və siyası drumu” mövzusunda dissertasiya işini müdafiə edərək Bakı Dövlət Universitetinin tarix fakultəsinin “yaxın və orta şərqin tarixi” ixtisası üzrə magistr dərəcəsini qazanıb.

Ümumiyyətlə isə, Naqif Həmzəyev 2000-ci ildən fəal olaraq ictimai fəaliyyətlə məşqul olub. “Müstəqil Gənclər Birliyi” və “Dünya Azərbaycanlıları” Gənclərin İctimai Birliyinin həmtəsisçilərindən biridir. Azərbaycanı beynəlxalq konfrans və elmi tədbirlərdə dəfələrlə təmsil edib.

2007-ci ildə Gəncə şəhər Nizami RHK-dan könüllü həqiqi hərbi xidmətə gedib. 20.01.2007-ci il tarixdən 11.04.2007-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Ehtiyat Zabit Hazırlığı kursunu uğurla bitirərək “leytenant” hərbi rütbəsini qazanıb. Həmin tarixdən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrin “N” saylı hərbi hissələrində xidmət edib və 16.10.2008-ci il tarixdə xidmət müddəti başa çatdığı üçün ordu sıralarından təxris olunub. Hərbi xidmətdə olduğu müddətdə nümunəvi xidmətinə görə dəfələrlə komandanlıq tərəfindən fəxri fərmanlar və mükafatlarla təltif edilib.

Ordudan qayıtdıqdan sonra isə 2009-cu ilin may ayından sentyabr ayınadək Gəncə Dövlət Universiteti informasiya və kommunikasiya texnologiyaları şöbəsində mütəxəssis vəzifəsində işləyib. 2009-cu ilin sentyabr ayından 2010-cu ilin fevral ayınadək Azərbaycan Dövlət Aqrar Universiteti beynəlxalq əlaqələr şöbəsində mütəxəsis, 2010-cu ilin fevral ayından 2011-ci ilin dekabr ayınadək isə informasiya və kommunikasiya texnologiyaları mərkəzinin direktoru vəzifəsində çalışıb.

Naqif Həmzəyevin bundan sonra Türkiyə ilə əlaqələri yazıda göstərilən kimi “nurçu”larla bağlı olmayıb, o işlədiyi universitetin həyata keçirdiyi proqramlarla bağlı Türkiyəyə səfərlər edib: 2009 - 2011-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən “Elektron Universitet” layihəsinə uyğun olaraq Türkiyə Respublikasının Atatürk, İstanbul və Fırat universitetlərində, həmçinin TUBİTAK ULAKBİM təşkilatında “İT meneceri” üzrə ixtisasartırma kursları keçmişdır.

2010-cu ildən Sankt-Peterburq Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin dissertantıdır. Avropa Birliyinin maliyyələşdirdiyi təhsil proqramları çərçivəsində Almaniya və Portuqaliyanın nüfuzlu universitetlərində təlimlər keçib.

2011-ci ildə yaradılmış “İpək Yolu Universitetlər Konsorsiumu”nun təşkilat komitəsinin üzvü, “Avrasiya Bilgi Sistemləri İşbirliyi” təşkilatının isə katibidir.

2012-ci il 12 noyabr tarixindən 2013-cü il 8 fevral tarixinədək Azərbaycan Dövlət Aqrar Universitetində innovasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 2013-cü il 8 fevral tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevin imzaladığı 11 saylı sərəncamla Gəncə şəhər Kəpəz rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib.

2013-cü il 1 avqust tarixində isə Yeni Azərbaycan Partıyası Gəncə şəhər Təşkilatının VIII konfransında təşkilatın sədri seçilib.

Əldə etdiyimiz məlumata görə isə, Naqif Həmzəyev ailəlidir və iki övladı var. “Nurçu”ların çoxunun övladının adı dini adlara bağlı olduğu bir çoxlarına bəllidir. Amma Naqif Həmzəyevin oğlunun və qızının adı nə Ömər nə də başqa bir dini addır. Onun Nuhun adlı oğlu və Banu adlı qızı var.

Bütün bunlar isə Naqif Həmzəyev barəsində yayılan iddiaların tamamilə əsassız olduğunu göstərir.

AzVision.az


Teqlər:  





Xəbər lenti