Abituriyentlərin yarıdan çoxu imtahandan niyə kəsilib? - SƏBƏB

Abituriyentlərin yarıdan çoxu imtahandan niyə kəsilib? - SƏBƏB
  29 İyul 2016    Oxunub:11421
Ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında orta məktəbləri bu il bitirən 78545 abituriyent iştirak edib. Onlardan 34385 nəfəri 200 baldan yuxarı nəticə göstərərək müsabiqə şərtini ödəyib. Hər dörd qrup üzrə 44160 abituriyent isə müsabiqədə iştirak etmək üçün 200 balı toplaya bilməyib və 0-200 bal arasında nəticə göstərib. Bu da imtahanda iştirak edən abituriyentlərin 56 %-dən çoxunu təşkil edir.

Təhsil üzrə ekspert Etibar Əliyev AzVision.az-a bildirib ki, Təhsil Nazirliyi rəqəmlər əsasında təhlil aparmalı və 56 faiz məzunun imtahandan kəsilməsinin səbəbini ictimaiyyətə açıqlamalıdır.

“Məzunların nəticələri ürəkaçan deyil. Bunun bir sıra səbəbləri var. Birincisi, bu, müəllim problem ilə bağlıdır. Müəllimlərin məsuliyyətsizliyi nəticələr öz təsirini göstərir. Müəllimlər dərs prosesinə məsuliyyətsiz yanaşırlar, 45 dəqiqəlik müddətə şagirdlərə bilik vermək əvəzinə vaxtı ötüşdürməklə məşğul olurlar. İnkişaf etmiş ölkələrdə bunlar çox dəqiqlə müəyyənləşir”.

E.Əliyev qeyd edib ki, abituriyentlərin zəif nəticə göstərməsinin digər səbəbi repetitor institutunun zəifləməsidir: “İnsanların maddi durumu aşağı düşdükcə repetitora çox pul xərcləyə bilmirlər. Abituriyentlərin yaxşı nəticə göstərməməsinin digər səbəbi məktəblərdə şagirdlərin davamiyyətinin aşağı olmasıdır. Bütün günahı Təhsil Nazirliyinin üstünə atmaq düzgün deyil. Müəllimlərin maaşı iki dəfə artırıldı, ilin ən yaxşı müəllimi və məktəbi seçilir, liseylərdə olimpiya mərkəzləri yaradılır. Amma nəticələr yenə aşağı düşür. Demək ki, motivasiya zəifliyi var. Bu, təhsil sisteminin özünəməxsusluğu ilə bağlıdır.

Sovet vaxtı müəllim dərs deməklə yanaşı, tərbiyəçi funksiyasını da yerinə yetirirdi. Bu gün müəllimlərin böyük kəsimi dərs deməkdən qaçır və repetitorluqla məşğul olmaq istəyir. Bu da nəticələrə mənfi təsir göstərir”.



Təhsil eksperti Məlahət Mürşüdlü isə bildirib ki, ali mətkəblərə qəbul imtahanlarında abituriyentlərin göstəriciləri ilbəil yaxşılaşmaq əvəzinə daha da pisləşir. “Bu hələ də orta məktəblərdə mövcud olan təlimin səmərəli təşkilində olan problemlərin mövcudluğunun göstəricisidir. Bu, məktəb müəllimin hazırlığı, məktəb idarəçiliyi, proqram və dərsliklərin məzmunu, şagirdlərin dərslərə davamiyyəti ilə bağlıdır”.

M.Mürşüdlünün sözlərinə görə, TQDK-nın suallarında olan məntiq orta məktəb dərsliklərində şagirdlərə tədris edilmir. “TQDK-nin tərtib etdiyi suallar ənənəvi çərçivədən kənara çıxıb. Burada açıq suallar, məntiqə dayanıqlı suallar var. Orta məktəblərdə və ya hazırlıqlarda məntiqə dayanıqlı suallar üzərində iş demək olar ki, aparılmır. Bunu müəyyən qədər edənlər var, lakin rayon yerlərində müəllimlər bunu şagirdlərə izah etmirlər. Odur ki, kənd və şəhər məktəblərinin şagirdləri arasında fərq hiss olunur. Araşdırmaq lazımdır ki, bu nəticələr rayon məktəblilərinin, yoxsa şəhər məktəblilərinin göstəriciləri hesabına aşağıdır. Bundan sonra yekun nəticəyə gəlmək olar”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti