ATƏT yenə narahatdır

ATƏT yenə narahatdır
  27 Yanvar 2015    Oxunub:1824
ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində bu yaxınlarda baş vermiş hadisələrlə əlaqədar narahatlığını bildirib.

AzVision.az-a ATƏT-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, İ.Daçiçin bəyanatında deyilir: "Mən tərəfləri 1994-cü il may tarixli sazişdə nəzərdə tutulduğu kimi, hərbi fəaliyyətləri tam dayandırmağı təmin etməyə çağırıram. İnsanların ölümünə səbəb olan zorakılıq aktlarının sayının artmasına görə təəssüflənirəm və tərəfləri məsuliyyət nümayiş etdirməyə və bundan sonra eskalasiyaya gətirib çıxara biləcək addımlardan çəkinməyə çağırıram".

Onun sözlərinə görə, tərəqqi üçün dövlət başçıları və digər səviyyələrdə təmaslar əsas olaraq qalır və bu, atəşin və hərbi fəaliyyətlərin tam dayandırılması ilə möhkəmlənməlidir.

Bəyanatda bildirilir ki, 2014-cü ildə Ermənistan və Azərbaycan prezidentlərinin Soçi, Nyuport və Parisdəki görüşləri düzgün istiqamətdə müsbət addımlar olub: "ATƏT birbaşa təmasları yüngülləşdirməyə davam edir, lakin tərəflər atəşi dayandırmalıdır və bunu edə bilərlər".

O, birbaşa təmasların təşviqinə görə cavabdeh olan və tərəflərə etimadın möhkəmləndirilməsi üzrə yeni və belə zəruri tədbirləri hazırlayıb tətbiq etməyə kömək edən şəxsi nümayəndəsi Anji Kaspşikin dəstəyini təsdiq edib: "Mən ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə səylərini, xüsusilə də atəşkəs rejiminin möhkəmləndirilməsinə və danışıqlar üçün ümumi əsasların inkişafına yönəlmiş səyləri qətiyyətlə dəstəkləyirəm. Tərəfləri ATƏT-in alətlərinin panellərindən tam istifadə etməyə və sülh və uzunmüddətli nizamlanma istiqamətində əhəmiyyətli addımlar atmağa çağırıram".

Təşkilatın baş katibi Lamberto Zannier sədrin bəyanatına tam dəstəyini ifadə edib və tərəfləri ATƏT-in Minsk qrupunun həmsədrləri başda olmaqla siyasi prosesdə əməkdaşlığı bərpa etməyə çağırıb.


Teqlər:  





Xəbər lenti