ATƏT sədrindən köçkünlərə qarşı hörmətsizlik - Video

ATƏT sədrindən köçkünlərə qarşı hörmətsizlik - Video
  30 İyun 2016    Oxunub:2841
ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayer Bakıdakı Şuşa şəhərciyində həm məcburi köçkünlərlə, həm də Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ilə görüşüb.
Nə qədər qəribə görünsə də, görüşü gizli görüş də adlandırmaq olar. Çünki ATƏT sədrinin şuşalılarla, Dağlıq Qarabağın azərbaycanlı icması ilə gizli nə danışdığı maraqlıdır.

Çəkilişə icazə vermədilər. Dünəndən Ştaynmayerin səfər proqramı bəlli idi. Yerli KİV-i Ramanadakı Şuşa şəhərciyinə, Xankəndi məktəbinin qarşısına Qaçqın və Məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi dəvət etmişdi. Sonra zəng gəldi ki, xarici işlər naziri Elmar Məmmədyarov alman həmkarı ilə danışıb, cənab Ştaynmayer isə çəkiliş aparılmasını istəməyib.

Şahənşahın fərmayişi yerli mühafizə və polis tərəfindən canla-başla icra edilib. Jurnalistlər ərazidən "süpürüldü". Bir-iki Bəhruz kimi diribaş operator dağa-daşa dırmaşıb kadrlar çəkməyə nail oldu. Polis kameramıza əl qol atmaqdan çəkinmədi, mən bilmədim, bu polislər Almaniyadan gəlmişdi, ya Sabunçudan.

Polisimizin bizi gülüş, istehza obyektinə çevirməyi alman jurnalistləri üçün əsl mövzu oldu. Əlbəttə, həmişə bizim media Almaniyadakı dırnaqarası dözülməz şəraiti tənqid etməyəcək ki.

Nə isə. 20 ildir ki, fəaliyyətsiz ATƏT-in fəaliyyətdə olan sədrinin görüşü bitdi. Onun şəxsi nümayəndəsi Anjey Kasprşikdən suallarımıza cavab almaq istədik ki, əliboş qayıtmayaq. Amma buna da baş leytenant imkan vermədi. Öyrəndik ki, sən demə, şuşalılara da görüşdə danışmağa şərait yaradılmayıb. Malıbəyli köçkününün dərdini Ştaynmayer dinləməsə də, biz dinlədik.

Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması görüş təşəbbüsü irəli sürüb. Ştaynmayer də qarşı tərəflə bu məsələni müzakirə edəcəyinə söz verib.

Görüşdə ATƏT rəsmisi torpaqların qaytarılmasından söz açmayıb, yalnız İrəvandakı bəyanatını Bakıda təkrar edib: Status kvo belə qalmamalı, danışıqlarla dəyişdirilməlidir. Və sonda. ATƏT sədri Şuşa şəhərciyində köçkünlərə hər cür şərait yaradıldığının şahidi olub. Başqa sözlə ona qaçqınların dözülməz həyat şəraiti barədə saatlarla danışılsaydı belə, inanmazdı. Yox əgər Yasamalda yataqxanadakı qaçqınlarla görüş təşkil edilsəydi, bizim torpaq dərdimizi daha yaxşı başa düşərdi. Təbii ki, bunu istəsə...(Ans press)



AzVision.az


Teqlər:  





Xəbər lenti