ATƏT-in payız sessiyasında 5 deputatımız iştirak edəcək

ATƏT-in payız sessiyasında 5 deputatımız iştirak edəcək
  01 Oktyabr 2014    Oxunub:1486
Milli Məclis Sədrinin müavini, Azərbaycan parlamentinin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlarımız ATƏT PA-nın payız sessiyasında iştirak etmək üçün oktyabrın 1-dən 6-dək İsveçrənin Cenevrə şəhərində səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nümayəndə heyətinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, Milli Məclisin deputatı, ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini Azay Quliyev daxildirlər.

Sessiya çərçivəsində öncə “ATƏT PA-nın Aralıq dənizi forumu” keçiriləcək. Sonra “Təhlükəsizliyin yeni çağırışlarında parlamentlərin rolu” mövzusunda konfrans olacaq. Tədbiri ATƏT PA-nın sədri İlkka Kanerva açacaq. Üç sessiyadan ibarət konfransda hərbi-siyasi, iqtisadi və ekoloji, insan meyarlarına diqqət yetiriləcək. Mülki əhalinin partlayıcı əşyalardan qorunması, silahlanmaya və tərksilah olunmaya nəzarətdə parlamentlərin rolu, zorakılığın dəyişən siması, hərbi və mühafizə şirkətlərinin fəaliyyətinin tənzimlənməsində dövlətlə özəl qurumların tərəfdaşlığı, iqtisadi və ekoloji məsələlərdə ATƏT-in fəaliyyəti, milli azlıqların müdafiəsində qurumun rolu və digər mövzular nəzərdən keçiriləcək. Fikir mübadiləsi aparılacaq.

Qurumun Daimi komitəsinin iclasında bir sıra təşkilati məsələlərə də baxılacaq.
Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti sessiyada fəal iştirak edəcək, müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.


Teqlər:





Xəbər lenti