AŞPA-ya göndərilən məktubda daha bir imza saxta çıxdı

AŞPA-ya göndərilən məktubda daha bir imza saxta çıxdı
  19 Yanvar 2017    Oxunub:3965
Azərbaycandan bir qrup `vətəndaş cəmiyyəti fəalı`nın Avropa Şurası Parlament Assambleyasına məktub ünvanlayaraq, ölkəmizin nümayəndə heyətinin səsvermə hüququnun dayandırılmasını tələb etməsi ilə bağlı xəbər vermişdik. Ötən gün məsələ ilə bağlı AzVision.az-ın AŞPA-ya məktub oyunu: İmzalayanlar `Heç bir sanksiya olmamalıdır` deyirlər sərlövhəli yazısında göstərilirdi ki, müraciətə `imza atanlar`ın heç də hamısı həmfikir deyillər.

Hətta, məktubda `imzası` olanlardan bəziləri məsələyə reaksiya vermədiyi halda belə, adları siyahıya salınaraq, `razı` olduqları qeyd olunub. Yəni, `təşkilatçılar` siyahıda adı qeyd olunan şəxslərin elektron poçtuna müraciətin mətnini göndərməyi onun təsdiqi kimi qəbul edirlər.

Adı müraciətə `imza atanlar` siyahısında göstərilən `Hüquqi Yardım` İctimai Birliyinin sədri, vəkil İlqar Qasımov da təşkilatçıların qurbanına çevrilənlərdəndir. Hüquq müdafiəçisi AzVision.az-a açıqlamasında bildirdi ki, müraciəti imzası ilə təsdiq etməyib:

“Müraciətin mətnini mənə Emin Hüseynov göndərmişdi. Xahiş edirdi ki, qaldırılan məsələyə dəstək verim. Müraciətin mətni ilə tanış olduqdan sonra gördüm ki, məsələ daha çox siyasiləşdirilib. Yəni, buradakı məsələlər bizim missiyamıza aid deyil. Ona görə də imza atmaqdan imtina etdim. Ancaq, onlar müraciətin mətnini mənim elektron poçtuma göndərməyi dəstək vermək kimi qəbul ediblər. Belə olmasaydı, adım müraciəti imzası ilə təsdiq edənlər siyahısında olmazdı. İmza etmədiyim halda adım müraciəti imzalayanlar siyahısında göstərilməsinin səbəbi mənə məlum deyil. Yəqin, ehtiyacları varmış”.

İ.Qasımov vurğulayıb ki, müraciətdə göstərilənlərə heç bir halda razılaşmır: “Bu məsələdə müraciəti mənə göndərənlərlə fikirlərim üst-üstə düşmür. Müstəqil bir QHT sədri, vəkil kimi hesab edirəm ki, bu müraciəti əsassızdır. Ona görə də imza atmamışam. Çünki, Azərbaycanın AŞPA-da səsvermə hüququndan məhrum edilməsi qəbuledilməzdir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti