ABŞ-ın Azərbaycandakı keçmiş səfiri necə xilas edilmişdi...

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri necə xilas edilmişdi...
  22 Noyabr 2014    Oxunub:12014
Stenli Eskuderonu Azərbaycanda çoxları tanıyır: o, 1997-2000-ci illərdə ABŞ-ın Azərbaycandakı səfir olub, diplomatik xidmət müddəti bitəndən sonra isə ölkəmizdə qalaraq, “Shield Bearer L.L.C” konsaltinq firmasını yaradıb, indiyə qədər də fəaliyyət göstərir.

Amma çoxları bilmirlər ki, Eskudero Azərbaycandan əvvəl Mərkəzi Asiya ölkələrində, o cümlədən də Tacikistan və Özbəkistanda səfir olmuş, 1992-ci ildə isə ABŞ səfirliyinin 25 əməkdaşı ilə birlikdə Düşənbədə girov götürülmüşdü.

O dövrdə Tacikistanda çox ağır vətəndaş müharibəsi gedir, hakimiyyət əldən-ələ keçirdi. 60 min insan öldürülmüş, milyon nəfərə yaxın qaçqın ordusu yaranmışdı. Belə bir vəziyyətdə Hisar döyüşçülərinin “Xalqa Cəbhəsi” adlanan qurumu 1992-ci ilin oktyabrın 24-də Düşənbəni ələ keçirir. Buna qədər şəhəri vəhhabilər idarə edirdilər.

Amerika səfirliyi o zaman Düşənbədə “Oktyabrskaya” adlı mehmanxanada yerləşirdi, mehmanxana isə döyüş əməliyyatlarının düz mərkəzində idi. Belə bir vəziyyətdə ABŞ Dövlər Departamenti oradakı diplomatik missiyanı xilas etmək üçün Moskvadan yardım istəyir. Moskva həmin vaxt Tacikistanda xidmətdə olan 201 saylı motoatıcı diviziyanın kəşfiyyat qrupuna amerikalı diplomatları xilas etməyi tapşırır.

O zaman həmin diviziyanın rəhbəri olmuş Sergey Minenkov bu yaxınlarda “Krasnaya Zvezda” qəzetinə verdiyi müsahibədə Eskuderonu necə xilas etmələrinin təfərrüatlarını danışıb:

-Səfirlikdən 25 adam çıxardıq. Onların yarıdan çoxu mühafizəiçilər idilər. Hamısı da dəhşətli dərəcədə qorxmuşdu. Bizim BTR-ə birinci səfirin özü çıxdı. Çox gülməli bir adam idi - əynində cins şalvar, başında yekə tüklü papaq… Halbuki, hava isti idi: +20 dərəcə. Biz onları yığıb aeroporta apardıq, orda gözümüzün önündəcə C-130 “Herkules” yerə endi. Amerikanın tərifli xüsusi təyinatlıları yerə enərək, təyyarənin ətrafında müdafiə halqası yaratdılar. Bunu görəndə bizi gülmək tutdu, çünki aeroport tamamilə bomboş idi.

Tariyel Həsənov
AzVision.az



Teqlər:  





Xəbər lenti