ABŞ-dan BP-yə ağır zərbə

ABŞ-dan BP-yə ağır zərbə
  20 Dekabr 2014    Oxunub:1582
ABŞ hökuməti BP şirkətinin 18 mlrd. dollar məbləğində cərimələnməsi ilə bağlı məhkəməyə müraciət edib.
ABŞ hökumətinin hesablamalarına görə, 2010-cu ildə Meksika körfəzində neftin dağılmasında günahkar olan BP şirkəti 16 mlrd. dollardan 18 mlrd. dollara qədər cərimələnməlidir.

Hökumət məhkəmədən “Anadarko” şirkətinin də 1 mlrd. dollar məbləğində cərimələnməsini xahiş edib. ABŞ hakim dairələrinin fikrincə, bu şirkət qəzanın nəticələrinin aradan qandırılması üçün heç bir tədbir görməyib.
Amerika qanunvericiliyinə görə, su mühitinin çirkləndirilməsinə görə cərimənin maksimum məbləği 18 mlrd. dolları ötə bilməz.

Qeyd edək ki, bir qədər əvvəl Yeni Orlean federal məhkəməsi qəzanın kobud diqqətsizlik səbəbindən baş verdiyini təsdiqləyib. “Məhkəmə belə qənaətə gəlir ki, neftin dağılması kobud laqeydliyin və ya BP-nin qəsdən qanunsuz fəaliyyəti ilə bağlı baş verib”-deyə hakim Karla Barbyenin qərarında bildirilir.

“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ höküməti öz müraciətində məhkəmədən su resurslarının təmizliyi haqqında federal qanunu əsas tutmaqla BP şirkətinə qarşı maksimum məbləğdə cərimə tətbiq edilməsini xahiş edib. Bununla yanaşı, hökumət üzvləri qəza vəziyyətindəki quyuların 25%-nin sahibi olan “Anadarko” şirkətinə daha az - 1 mlrd. dollar məbləğində cərimələnməsini uyğun görüblər.

Xatırladaq ki, bu ilin oktyabrında öz növbəsində BP şirkəti 2010-ci ildə Meksika körfəzində neft dağılmalarına görə şirkətin kobud laqeydliyinin olub-olmadığını aydınlaşdırmağı məhkəmədən xahiş edib. Şirkət nümayəndələrinin iddialarına görə, ABŞ-ın federal dairə məhkəməsinin hakimi Karla Barbye faktlarla əsaslandırıldığından hakim sonradan məhkəmə prosesində bu məsələnin istisna olunacağına razılıq verib. “Belə halda hakim qərarına yenidən baxmalı və ya yeni istintaq təyin etməlidir. BP ehtiramla hakimdən xahiş edir ki, qəzanın kobud laqeydlik nəticəsində baş verməsi ilə bağlı qərarından imtina etsin”,- deyə BP-nin nümayəndələri vurğulayıb. Onlar əks halda BP-nin işə yenidən baxılması ilə bağlı hüququndan istifadə edəcəyini söyləyiblər.

Qeyd edək ki, böyük məbləğdə cərimədən qaçmaq üçün şirkətin verdiyi ərizədə qaldırılan məsələlərin böyük əksəriyyətini hakim Karla Barbye nəzərə almayıb. Noyabrda məlum olub ki, məhkəmə BP-nin xahişini rədd edib.
Qəzanın səbəbkarlarına tətbiq olunacaq cərimənin məbləği isə 2015-ci ilin yanvarından başlayacaq məhkəmə prosesinin gedişində müəyyən ediləcək. Məhkəmə körfəzə dağılan neftin həcmi ilə bağlı qərarını verəndən sonra dəymiş ziyanın və tətbiq olunacaq cərimələrin məbləği məlum olacaq.
Xatırladaq ki, 2010-cu ilin aprelində Meksika körfəzində “Deepwater Horizon” neft platformasında baş verən partlayış nəticəsində 11 nəfər həlak olub. Müxtəlif hesablamalara görə, körfəzə 3,2 mln. bareldən 4,9 mln. barelə qədər neft dağılıb.

(apa)


Teqlər:





Xəbər lenti