9 ayda insan alveri ilə bağlı 104 fakt

9 ayda insan alveri ilə bağlı 104 fakt
  23 Oktyabr 2014    Oxunub:1303
2014-cü ilin 9 ayı ərzində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri ilə bağlı 104 fakt üzrə 23 cinayət işi başlanıb.
Bu faktların 97-si insan alveri, 5-i məcburi əmək, əlavə olaraq 2 fakt insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı olub.

APA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polis polkovniki İmran Nəcəfov deyib.

DİN rəsmisinin sözlərinə görə, insan alveri və məcburi əmək cinayətləri törətdiklərinə görə 21 şəxs (16 qadın, 5 kişi) cinayət məsuliyyətinə cəlb olunub və insan alveri qurbanı olaraq 50 nəfər (47 qadın, 3 kişi, onlardan 3-ü əcnəbi şəxs) müəyyən edilib.

İmran Nəcəfov insan alveri ilə məşğul olan 8 cinayətkar qrup və 1 mütəşəkkil dəstənin zərərsizləşdirildiyini, axtarışda olmuş 23 insan alverçisindən 7-sinin tutularaq istintaq və məhkəmə orqanlarına təhvil verildiyini deyib.

DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini müəyyən edilən insan alveri qurbanlarından 33-nün Türkiyəyə, 8-nin Rusiya Federasiyasına, 6 nəfərin isə BƏƏ-yə aparılaraq istismara məruz qaldığını, 3 əcnəbi şəxsin isə (2 rus, 1-i çin əsilli kişilər) ölkə daxilində məcburi əməyə cəlb olunduğunu bildirib.

İmran Nəcəfov Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, insan alverindən zərər çəkmiş qurbanın hər birinə reinteqrasiya dövründə 400 manat məbləğində birdəfəlik müavinət ödənildiyini əlavə edib.

İdarə rəisinin müavini qeyd edib ki, Azərbaycanda, ümumiyyətlə, son 10 il ərzində digər hüquq-mühafizə orqanları ilə sıx əlaqədə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 580 insan alveri və məcburi əmək faktı aşkarlanıb. Hüquq-mühafizə orqanları tərəfindən 385 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 5 mütəşəkkil dəstə, 152 cinayətkar qrup zərərsizləşdirilib.


Teqlər:





Xəbər lenti