6 ayda 31 ton yarasız ət aşkarlanıb

6 ayda 31 ton yarasız ət aşkarlanıb
  28 İyul 2016    Oxunub:1409
Cari ilin 6 ayında mənşəyi məlum olmayan 30 min 688 kiloqram müxtəlif növ heyvan əti (o cümlədən 3900 kiloqram at əti) və yararlılıq müddəti ötmüş kolbasa və sosis məmulatları Respublika Baytarlıq Laboratoriyasının baytarlıq-sanitariya ekspertizasına əsasən insan qidası üçün yararsız hesab edilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AzVision.az-a bildirilib ki, insan qidası üçün yararsız hesab edilən ətin 2170 kiloqramı (o cümlədən 1818 kiloqram at əti) Bakı Heyvanat Parkına təhvil verilib, qalan ətlər, həmçinin kolbasa və sosis məmulatları isə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən KİV nümayəndələrinin iştirakı ilə qanunvericiliyə uyğun zərərsizləşdirilməklə məhv edilib.

Bu ətlərdən 9812 kiloqramı iribuynuzlu, 195 kiloqramı xırdabuynuzlu, 3900 kiloqramı at, 120 kiloqramı donuz, 200 kiloqramı quş əti, 1750 kiloqramı farş, 14711 kiloqramı isə kolbasa olub.

Qida üçün yararsız, aqoniya və ya ölmüş heyvan ətləri ən çox Bərdə, Ağcabədi və Saatlı rayonlarından paytaxta satış üçün gətirilərkən, eləcə də Bakı şəhəri və Abşeron rayonunda gizli sexlərdə aşkar edilib.

Həmçinin Ağstafa, Qazax, Zərdab, Xaçmaz, Ağdaş, Cəlilabad, İsmayıllı, Göyçay və digər rayonlarda da alınmış məlumatlar əsasında reydlər həyata keçirilib, mənşəyi məlum olmayan, qida üçün yararsız heyvan ətləri aşkar edilərək müvafiq qaydada zərərsizləşdirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti