2 mindən çox şagird hərbi liseylərə qəbul olmaq istəyir

2 mindən çox şagird hərbi liseylərə qəbul olmaq istəyir
  26 İyul 2014    Oxunub:942
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 27-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına qəbul imtahanı keçirəcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a bildiriblər ki, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq.

İmtahanın idarə olunmasına 19 imtahan rəhbəri, 204 nəzarətçi-müəllim cəlb edilib.

İmtahanda 2 min 429 abituriyentin (Bakıda 1711 nəfər, Naxçıvanda 718 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 106 nəfəri Hərbi Tibb Məktəbinə, 2 min 323 nəfəri isə hərbi liseylərə imtahan verəcək.

İmtahan saat 11.00-da başlanacaq və 2 saat davam edəcək.
İmtahanda iştirak etmək üçün ərizə verən abituriyentlər TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər: şəxsiyyəti təsdiq edən sənədin əslini; “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.


Teqlər:  





Xəbər lenti