26 yaşlı xəstənin amputasiya olunan sağ qolunu bərpa etdilər

26 yaşlı xəstənin amputasiya olunan sağ qolunu bərpa etdilər
  30 İyul 2015    Oxunub:3004
Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında yuxarı ətrafın uğurlu replantasiya əməliyyatı aparılıb.
AzVision.az -ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hospitala müraciət edən 26 yaşlı xəstə C.A.Muradovun əməliyyatı hospitalın mütəxəssisləri - tibb elmləri namizədi, travmatoloq-ortoped Ramin Rzayev, tibb elmləri namizədi, damar cərrahı Sabuhi Dadaşov, tibb elmləri namizədi, həkim-cərrah Namiq Bədirxanov tərəfindən həyata keçirilib.

Sağ qolu travma nəticəsində amputasiya olmuş xəstə Mərkəzi Hospitalda əməliyyata alınıb, 10 saatlıq əməliyyatdan sonra replantasiya uğurla başa çatdırılıb.

Xəstənin travma nəticəsində qopmuş sağ qolunun uzun müddət qanla təchizatının olmamasına və bu cür hallarda əməliyyatın uğurlu keçməsi ehtimalının az olmasına baxmayaraq, həkimlərin səyi nəticəsində travma almış arterial və venoz damarlar, bazu sümüyü və əzələlər, eyni zamanda sinir damarları müvəffəqiyyətli şəkildə bərpa edilib.

Əməliyyatdan sonrakı dövrdə qolun qanla təchizatı tam bərpa edilib.

Xəstənin əmək qabiliyyətinin bərpası 8-12 ay ərzində nəzərdə tutulur.

AzVision.az


Teqlər:  





Xəbər lenti