20 nömrəli məktəbin aqibəti necə olacaq? - Açıqlama

20 nömrəli məktəbin aqibəti necə olacaq? - Açıqlama
  03 Sentyabr 2015    Oxunub:8693
Bakı şəhər Təhsil İdarəsi bir müddət əvvəl sökülən 20 nömrəli məktəblə bağlı açıqlama verib.
Məktəbin söküntüsü ilə əlaqədar dünən bir qrup valideyn 20 nömrəli məktəbin qarşısında aksiya keçirib. Valideynlər sökülən məktəbin yenidən öz yerində tikilməsini tələb ediblər. Onlar uşaqlarının başqa yerə aparmağa imkanlarının olmadığını ona görə də məktəbin yenidən burada tikilməsini tələb ediblər. Valideynlərin etirazına cavab olaraq Bakı şəhər Təhsil İdarəsi məlumat yayıb.

İdarənin mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, 25000 kvadratmetr sahəsi olacaq 3000 şagirdin təhsil ala biləcəyi 20 nömrəli məktəb-lisey Bakı şəhərinin ən böyük ümumtəhsil müəssisələrindən biri olduğuna görə, müasir tələblərə uyğun 5 mərtəbədən ibarət yeni məktəb binasının inşa olunması nəzərdə tutulur. İndiyədək 20 nömrəli məktəb-liseyin tikintisi üçün müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 15 milyon manat, Dövlət İnvestisiya Xərclərindən isə 2 milyon manat ayrılıb.

İdarədən onu da bildiriblər ki, bu günədək məktəbin bünövrə və zirzəmi hissəsinin tikintisi başa çatdırılıb. Hazırda yeni məktəb binasının layihəsində layihə şirkəti tərəfindən bəzi əlavə dəyişikliklər aparılır. Bu proses tamamlandıqdan sonra məktəbin tikinti işləri davam etdiriləcək.

20 nömrəli məktəb-liseyin 2830 şagird hazırda paytaxtın digər 2 məktəbində təhsillərini davam etdirirlər.

Qeyd edək ki, bir il bundan öncə 20 nömrəli məktəb sökülüb. Məktəbdə təhsil alan şağirdlərin “Gənclik” mertosu yaxınlığındakı ehtiyat məktəbə köçürüləcəyi bildirilirdi. Bakı meri Hacıbala Abutalıbov sökülən məktəbin yerində park salıncağını ilə bağlı verdiyi açıqlama valideynlərin narazılığına səbəb olmuşdu.

Təhsil naziri Mikayıl Cabbarov isə bu məsələdə anlaşılmazlığın olduğunu və heç bir problem olmayacağını bildirmişdi: "Məktəb tikintisinin layihə eskizi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunub və 2016-2017-ci illərdə başa çatdırılması planlaşdırılır. Bakı Şəhər İcra Hakimiyyəti son illərdə onlarla məktəb tikib, təhvil verib. Həmin məktəblərdə paytaxtda yaşayan on minlərlə şagird təhsil alır. Paytaxt sakini olaraq o şagirdlərin adından Hacıbala Abutalıbova təşəkkürümü bildirirəm”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti