1 prokuror işdən çıxarılıb, 21-i cəzalandırılıb

1 prokuror işdən çıxarılıb, 21-i cəzalandırılıb
  31 İyul 2015    Oxunub:2719
2015-ci ilin birinci yarısında müxtəlif xətalar törətdiklərinə görə 21 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 1 nəfər prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksi”nin tələblərini kobud şəkildə pozan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib, 4 nəfər tutduqları vəzifələrdən azad olunub.
AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda bu gün keçirilən geniş əməliyyat müşavirəsində bildirilib.

Müşavirədə qeyd olunub ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə prinsipiallığın yüksəldilməsi təmin olunub.

Tələb edilib ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.

Vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkilinin prokurorluq orqanlarının qarşısında duran əsas vəzifələrdən biri olduğu xüsusi vurğulanmaqla, müraciətlər üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşlara müraciətləri üzrə formal və səthi cavabların verilməsi, qəbullarının keçirilməsi qaydalarının pozulması kimi çatışmazlıqların hələ də mövcud olduğu nəzərə alınmaqla, bütün struktur qurumların rəhbərləri və tabe prokurorlardan müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, bu sahədə bütün neqativ halların təxirə salınmadan aradan qaldırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi tələb olunub.


Teqlər:  





Xəbər lenti