18 yaşda deputat olar? - Baş nazirin müavinindən cavab

18 yaşda deputat olar? - Baş nazirin müavinindən cavab
  28 İyul 2016    Oxunub:10850
Seçmək və seçilmək hüququnun yaş həddi baxımından eyniləşdirilməsi heç də 18 yaşda vətəndaşların mütləq olaraq Milli Məclisə üzv və ya prezident seçilməsi anlamına gəlmir.

AzVision.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Ə.Əhmədov vurğulayıb ki, insan hüquq və azadlıqları fəlsəfəsi prizmasından yanaşıldıqda, seçki hüququnun müxtəlif formalarda istənilən məhdudlaşdırılması demokratik düşüncəyə mahiyyətcə ziddir: “Ancaq burada aşağı yaş həddinin ağlabatan formada məhdudlaşdırılması sadəcə, qaçılmazdır. Bu da insanın siyasi və ictimai həyata iştiraka hazır olması baxımından optimal yaş həddinin müəyyən edilməsi ilə bağlıdır. Bundan kənarda istənilən məhdudlaşdırma həm təbiilik, həm də ağlabatanlıq mənasını itirmiş olur. Bəzi hallarda isə siyasi iştirakçılıq imkanının yaş həddi ilə məhdudlaşdırılması sırf siyasi mülahizələrdən irəli gəlir. Azərbaycanın müasir tarixində buna ibrətamiz nümunə mövcuddur. Ötən əsrin 90-cı illərinin əvvəllərində ümummilli lider Heydər Əliyevin siyasi proseslərdə iştirakını əngəlləmək məqsədilə prezidentliyə namizədlər üçün 65 yaşdan ibarət yuxarı yaş həddi müəyyən edilmişdi. Əlbəttə, bu qərar hər cür ağlabatanlıq ünsürlərindən məhrum idi və müstəsna olaraq Heydər Əliyevə qarşı çevrilmişdi. Əgər bu mürtəce qərar vaxtında aradan qaldırılmasaydı, Azərbaycanı onu gözləyən acı taledən xilas etmək mümkün olmayacaqdı. Həyat sırf siyasi mülahizələrlə qəbul edilmiş həmin qərarın nə qədər mürtəce xarakter daşıdığını göstərməklə yanaşı, siyasi iştirakçılığın yuxarı yaş həddi ilə məhdudlaşdırılmasının mahiyyət etibarı ilə antidemokratik addım olduğunu da sübuta yetirdi.

Mənim fikrimcə, siyasi iştirakçılıq baxımından ağlabatanlıq mülahizələri çərçivəsindən kənarda istənilən məhdudlaşdırıcı normalar, o cümlədən yaş məhdudiyyətlərinin qoyulması ədalətli sayıla bilməz. Çünki o həm fərdin hüquq və azadlığının məhdudlaşdırılmasına səbəb olur, həm də xalqın, seçicilərin seçmək hüququna müdaxilə edir. Əgər xalqın iradəsini, onun seçmək hüququnu demokratiyanın fundamental prinsipi sayırıqsa, onda etiraf etmək zorundayıq ki, ağlabatanlıq mülahizələrindən kənarda istənilən məhdudlaşdırıcı norma yuxarıda qeyd olunan dəyərlərə qarşı çevrilib.

İrəli sürülən tezisdən çıxış etsək, onun əksi olan tezis isə istənilən halda qeyri-demokratik olub, insan hüquq və azadlıqları fəlsəfəsi ilə ziddiyyət təşkil edir, haqqında söhbət etdiyimiz Konstitusiya Aktında passiv seçki hüququ baxımından aşağı yaş həddinin 18 yaş müəyyənləşdirilməsini mütərəqqi təklif kimi qiymətləndirməkdən savayı ədalətli yol qalmır. Söhbət seçmək və seçilmək hüququnun yaş həddinin məhdudlaşdırılmasını mümkün olan qədər aradan qaldırmaqdan gedir. Razılaşmamaq mümkün deyildir ki, insan hüquq və azadlıqları sahəsində hər hansı məhdudiyyətin aradan qaldırılması, əgər o, başqalarının hüquq və azadlıqlarına təhlükə yaratmırsa və ağlabatanlıq mülahizəsi çərçivəsindən kənara çıxmırsa, mahiyyətçə mütərəqqi xarakter daşıyır və hüquq və azadlıqlar sferasının daha da genişlənməsinə xidmət göstərir”.

Ə.Əhmədov bildirib ki, konkret olaraq hansı yaşda olan iddiaçının Milli Məclisin üzvü və ya ölkə prezidenti seçilməsi məsələsinin həlli seçiçilərin rəyindən asılıdır: “Seçilmək hüququna gəldikdə, əlbəttə, əsas amil kimin iddiaçı olması deyil, seçicinin rəyidir. Hər hansı bir iddiaçının Milli Məclisin üzvü və prezident seçilməsinə əsas verən təkcə onun müəyyən edilmiş yaş həddi tələblərinə cavab verməsi deyil, həm də insanların ona səs verməsi üçün yetərli nüfuza, hörmətə, təcrübəyə, xalq və dövlət qarşısında xidmətlərə malik olmasıdır. Bunları qazanmaq üçün isə bəzən heç 10-15 il kifayət etmir. Belə olan halda ağlabatan yaş həddində müəyyən edilmiş seçilmək hüququ heç bir təhlükə mənbəyi olmadan, artıq qeyd edildiyi kimi, həm hüquq və azadlıqlar sferasını, həm də xalqın seçim imkanlarını genişləndirir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti