16 dövlət obyekti özəlləşdirilib

16 dövlət obyekti özəlləşdirilib
  27 Sentyabr 2016    Oxunub:1164
Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 19 iyul tarixli Fərmanına və bu sahədəki digər tapşırıqlarına əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən açıq hərracların keçirilməsi davam etdirilir. Hərraclar tam şəffaf, geniş ictimaiyyətin və media nümayəndələrinin iştirakı ilə keçirilir.
Komitədən AzVision.az-a verilən məlumata görə, daşınmaz dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti açıq hərrac sentyabrın 27-də keçirilib. Əvvəlki hərraclarda olduğu kimi, bu dəfə də dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə investorlar və ictimai maraq kifayət qədər böyük olub. Hərrac iştirakçıları, dövlət obyekti almaq istəyən vətəndaşlar respublikanın digər regionlarında keçirilən hərracları da canlı şəkildə izləyə biliblər.

Növbəti hərracda, ümumilikdə, 16 dövlət obyekti özəlləşdirilib. Bu obyektlərdən 3-ü səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30 faizlik hissəsi, 13-ü isə kiçik dövlət müəssisə və obyektidir. Özəlləşdirilən səhmdar cəmiyyətləri məişət, pambıqçılıq və kənd təsərrüfatı mallarının emalı sahələrinə aiddir. Özəlləşdirilmiş 13 kiçik dövlət müəssisə və obyektinin 4-ü Bakıda, 9-u isə respublikanın digər şəhər və rayonlarında (Qəbələ, Xaçmaz, Daşkəsən, Kürdəmir, Oğuz və Qax) yerləşən obyektlərdir. Bu əmlakların 7-si ticarət sahəsinə, 2-si ictimai iaşə, 3-ü xidmət, 1-i isə qeyri-yaşayış sahəsinə aiddir. Dövlət müəssisələrinin və səhmdar cəmiyyətlərin səhmlərinin satışı göstərir ki, investorlar özəlləşdirmə sahəsində yaradılan imkanlardan və sərfəli investisiya şərtlərindən faydalanmağa çalışırlar.

Əsasən regionlarda yerləşən dövlət əmlaklarının özəlləşdirilməsi isə bu müəssisələrə gələcəkdə investisiya qoyuluşlarının artmasına, müəssisələrin istehsal fəaliyyətinin bərpasına, yeni biznes subyektlərinin qurulmasına, əlavə iş yerlərinin yaradılmasına və nəticə etibarilə regionların iqtisadi potensialının artmasına imkanlar yaradır.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac oktyabrın 11-də keçiriləcək. Bu hərraca 85 dövlət əmlakı çıxarılıb. Bunlardan 30-u özəlləşdirmə prosesi çərçivəsində yaradılmış və kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Bundan əlavə, hərraca 30 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb. Eyni zamanda, hərraca çıxarılan dövlət obyektlərinin siyahısında 25 ədəd nəqliyyat vasitəsi yer alıb.

Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10 faizi məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları Özəlləşmə Portalında əksini tapıb. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və Özəlləşdirmə Portalında yerləşdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti