16 dövlət əmlakı özəlləşdirilib

16 dövlət əmlakı özəlləşdirilib
  14 Fevral 2017    Oxunub:1688
Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac baş tutub.
Komitədən AzVision.az-a verilən məlumata görə, hərracda 16 dövlət əmlakı özəlləşdirilib. Qeyd edək ki, hərrac prosesini müşahidə etmək üçün media nümayəndələri və bir neçə vətəndaş gələrək hərracda iştirak ediblər. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün (https://goo.gl/Jk8Cz7) göstərilən linkə keçid etmək kifayətdir.

Özəlləşdirilmiş 9 kiçik dövlət müəssisəsi paytaxtın Binəqədi, Nəsimi, Suraxanı rayonlarında yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Masallı rayonunda yerləşən quşçuluq üzrə yardımçı təsərrüfat olub. Əmlak 150 min manata özəlləşdirilib. Regionlarda baş tutmuş hərracların gedişatı böyük monitorlar vasitəsilə izlənilib.

Hərracda fiziki və hüquqi şəxslər tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış sahələri paytaxtın Binəqədi, Nərimanov, Suraxanı rayonlarında, eləcə də regionlarda Mingəçevir rayonunda yerləşir. Bu əmlakların sahəsi 20-60 kv.m. arasında dəyişir. Ən yüksək qiymətə özəlləşdirilmiş qeyri-yaşayış obyekti Mingəçevir rayonunda yerləşən əmlak olub. Hərracın qalibi bu əmlak üçün 100 min manat təklif edərək əmlakı əldə edib.

Hərracda özəlləşdirilmiş 7 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunur. Portalda nəinki nəqliyyat vasitələri, eyni zamanda, hər bir kiçik dövlət müəssisəsi və obyekti, qeyri-yaşayış sahəsi, səhmdar cəmiyyətləri barədə ətraflı məlumatlar və göstəricilərlə, həmçinin yerləşdiyi ərazini göstərən xəritələri və fotolarla tanış olmaq mümkündür.

Ötən həftəki hərracdan etibarən Əmlak Məsələləri Dövlət Komitəsi keyfiyyət və məmnunluq səviyyəsini yüksəltmək məqsədilə hərracın sonunda vətəndaş məmnunluğu sorğusu keçirir. Bu dəfəki sorğuda hərracda əmlaka sifariş verən və qalib olan vətəndaşlarla yanaşı, müşahidəçi kimi gələn şəxslər də sorğuda iştirak edib. Onlar əmlaka sifariş proseduru, əmlaklarla tanışlıq, hərracın gedişatı, hərrac barədə ictimai məlumatlandırma ilə bağlı fikirlərini sorğu anketində bildiriblər. Sorğu nəticəsinə əsasən vətəndaşlar hərracda iştirak üçün müraciətin sadə olmasını qeyd ediblər. Vətəndaşların əksəriyyəti hərrac və əmlaklar barədə məlumatları komitənin özəlləşdirmə portalından əldə edir. Eyni zamanda, komitənin saytı və KİV vasitəsilə də məlumatlandıqlarını bildiriblər. Maraqlanan və hərracın video-yazısını izləmək istəyən şəxslər komitənin rəsmi youtube kanalına (https://goo.gl/OpYdB1) daxil ola bilər.

Növbəti belə bir hərrac 21 fevral tarixində keçiriləcək. Hər həftə keçirilən belə hərraclara paytaxt Bakı ilə yanaşı regionlarda olan kiçik dövlət müəssisələri, səhmdar cəmiyyətləri, nəqliyyat vasitələri, dövlət nəfinə müsadirə edilmiş əmlaklar çıxarılır. Özəlləşməyə çıxarılan müəssisələr sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir. İstənilən hüquqi və fiziki şəxs hərraclarda iştirak edib əmlak sahibi ola bilər. Hərracda iştirak edən lakin qalib olmayan şəxs 10 gün ərzində komitəyə müraciət edərək behi geri ala bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti