“Bu, bizə qarşı təxribatdır” - Gəncədən Hadisə AÇIQLAMASI

“Bu, bizə qarşı təxribatdır” - Gəncədən Hadisə AÇIQLAMASI
  14 May 2014    Oxunub:995
“Yeni Müsavat” qəzetinin bugünki buraxılışında “Gəncədə Hadisə üçün pulyığma kampaniyası” adlı yazı dərc edilib. Qəzetin iddiasına görə, 10 may - Gül bayramı münasibəti ilə Gəncədə keçirilən konsertdə iştirak edən məşhur türk müğənniləri Hadisə və Mustafa Cecəliyə ödənilən 250 min manat qonorar büdcə təşkilatlarından, müəsissələrdən, bələdiyyələrdən, icra nümayəndəliklərindən və ticarətlə məşğul olan sahibkarlardan yığılıb.

Bildirilir ki, pultoplama işinə rəhbərliyi Kəpəz rayon icra başçısının müavini, Gəncə şəhər YAP-ın sədri Naqif Həmzəyev həyata keçirib.

Konsert üçün yığılan vəsaitin həcmi isə 400 min manata yaxın olub.

AzVision.az məsələ ilə bağlı yazıda adı keçən Kəpəz rayon icra başçısının müavini N.Həmzəyevdən münasibət öyrənib.

Saytımıza açıqlamasında Naqif Həmzəyev bütün bu iddiaları təkzib edərək, təxribat adlandırıb:

“Bu yazıların hamısı tamamilə təxribatdır. Ümumiyyətlə bu mümkün olan bir şey deyil, belə bir şey olmayıb və ola da bilməz. Onların bu yazını yazmaqda məqsədi Gəncə və gəncəlilərə qara yaxmaqdır”,- deyə N.Həmzəyev qeyd edib.

Onun sözlərinə görə, ümumiyyətlə Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılır və bu kimi halların aradan qaldırılması istiqamətində işlər görür:

“Hazırda bütün Azərbaycanda korrupsiyaya qarşı mübarizə gedir. Heç kim belə bir riskə gedib bu cür addım ata bilməz. Ümumiyyətlə isə burada adı hallanan şəxslərin heç birindən pul yığılmayıb. Bu bizə qarşı aparılan çirkin kampaniyadır”,-deyə icra başçısının müavini əlavə edib.

Naqif Həmzəyev bildirib ki, qəzetin bu iddialarının heç bir əsası yoxdur: “Yazıda mənbə göstərilməyib, fakt yoxdur”.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti