“Bu, mənim üçün gözlənilməz oldu” – Kamal Abdulla

“Bu, mənim üçün gözlənilməz oldu” – Kamal Abdulla
  28 Fevral 2014    Oxunub:1794
Xəbər verdiyimiz kimi, tanınmış yazıçı Kamal Abdulla bir neçə dəqiqə bundan öncə prezident İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə K.Abdulla Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.

Yeni vəzifəyə təyinat alan K.Abdulla təəssüratlarını AzVision.az-la bölüşüb. “Təbrikləriniz üçün çox sağ olun. Bu, mənim üçün gözlənilməz oldu. Bu məsələlər barədə sonra danışarıq. Yanımda adamlar var. Danışa bilmirəm”-deyə K.Abdulla bildirib.

Kamal Abdulla 1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1973-1976-cı illərdə SSRİ EA Dilçilik İnstitutunun “Türk dilləri” şöbəsinin əyani aspirantı olub.

1977-ci ilin yanvar ayında Moskvada “Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib. 1984-cü ildə Bakıda “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyası müdafiə edib.

Türk xalqlarının qədim epik ədəbiyyatları sahəsində araşdırmalar müəllifidir. Müxtəlif ölkələrin universitetlərində ( Rusiya, Türkiyə, Polşa, Fransa, Almaniya, ABŞ...) “Ümumi dilçilik”, “Mətn sintaksisi”, “Kitabi-Dədə Qorqud” dastanlarının kulturoloji aspektlərinə həsr olunmuş mühazirələr və xüsusi kurslar aparıb.

Elmi və publisistik məqalələri Azərbaycanda və ondan kənarda mütəmadi çap olunur. 2000-ci ilin iyun ayından Bakı Slavyan Universitetinin rektoru vəzifəsində çalışıb.


Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti